×
A
A
A
Sazlamalar

Xaçmazlı müəllimin təşəbbüsü fənn kabinetini “tarix muzeyi”nə çevirdi VİDEO

Xaçmaz, 18 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Xudat şəhərində fəaliyyət göstərən 4 nömrəli məktəb-liseyin şagirdləri tarix dərslərini tunc, orta əsrlər və ən yeni dövrümüzə aid saxsı qablar, geyim əşyaları, pullardan ibarət kolleksiya və digər maraqlı eksponatların əhatəsində keçir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xaçmazlı müəllim Sərxan Qəribov çalışdığı məktəbdə fənn kabinetini “tarix muzeyi”nə çevirib. Tarix kabinetində müxtəlif dövrlərə aid 300–dən çox eksponat qorunur. İlk baxışdan tarix muzeyini xatırladan otaqda Azərbaycanla yanaşı, Misir, Hindistan, Çin və başqa ölkələrə aid qədim əşyalar da var.
Sumqayıt Dövlət Universitetinin məzunu olan Sərxan Qəribov on ildir şagirdlərə tarix fənnini tədris edir. Arxeologiyaya böyük marağı olan gənc pedaqoq şəxsi təşəbbüsü ilə tarixi əşyaları fənn kabinetinə toplayıb.
Şagirdlər bildirirlər ki, qədim eksponatların əhatəsində dərs keçmək tarix fənnini daha yaxşı qavramağa, eyni zamanda, müxtəlif dövrlərin mədəniyyət nümunələri ilə yaxından tanış olmağa imkan yaradır.
Bu “muzey” haqqında eşidən valideynlər özlərində olan qədim əşyaları həvəslə məktəb-liseyə təqdim edirlər.
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gündə Azərbaycanda qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

Regionlar 2019-04-18 11:54:00

Video