×
A
A
A
Sazlamalar

ABŞ-ın bir sıra mərkəzi və cənub ştatlarında dolu və tornado gözlənilir

Vaşinqton, 18 aprel, AZƏRTAC

Aprelin 17-də ABŞ Milli Meteoroloji Xidməti Texas, Oklahoma və Kanzas ştatlarının bəzi rayonlarında uzunsürən leysan yağışları və tornadonun ehtimalının artmasını elan edib. Bu gün və sabah ölkənin cənub-şərq hissəsində güclü qasırğa gözlənilir.
AZƏRTAC xəbər verir ki, sinoptiklər bu gün qasırğanın güclənərək Meksika körfəzi sahilləri boyunca şərqə doğru istiqamət götürəcəyini, Luiziana və Missisipidə dağıdıcı küləklərin əmələ gələcəyini proqnozlaşdırırlar. Uzunsürən yağışlar bu gün Corciya ştatının Atlanta rayonunda qəfil daşqınlara səbəb ola bilər.
Atlantik okeanı sahillərində rütubətin artması səbəbindən qasırğa sabahadək Virciniya, Merilend, Delaver və Floridaya yayıla bilər. Sərt hava şəraiti son günlər ABŞ-ın bir neçə ştatında faciəli nəticələrə gətirib çıxarıb. Güclü tufanlar ötən həftə azı 9 nəfərin həyatına son qoyub.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-04-18 11:13:00