×
A
A
A
Sazlamalar

İndoneziya polisi sosial şəbəkələrdə etiraz aksiyalarına çağırışın qarşısını alıb

Tokio, 18 aprel, AZƏRTAC

İndoneziya polisi aprelin 17-də keçirilmiş prezident seçkilərinin nəticələrinə görə sosial şəbəkələrdə yayılan etiraz aksiyalarına çağırışın qarşısını alıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatı aprelin 18-də İndoneziya polisinin mətbuat katibi Dedi Prasetio açıqlayıb.
Bildirilir ki, aprelin 17-də axşam saatlarında “WhatsApp” sosial şəbəkəsində Cakartada, Qərbi Yava və Mərkəzi Yava əyalətlərinin böyük şəhərlərində etiraz aksiyalarına hazırlıqla bağlı məlumatlar yayılmağa başlayıb. İştirakçılar ağ geyimdə küçələrə çıxaraq, aparıcı tədqiqat mərkəzləri tərəfindən dərc edilən nəticələrə etiraz bildirməyə çağırıblar. Belə ki, bütün ilkin nəticələr hazırkı dövlət başçısının böyük üstünlüklə qələbə qazandığını təsdiq edir – 54,5 faiz.
Onun yeganə rəqibi, ehtiyatda olan general Prabovo Subiantonun isə 45,4 faiz səs topladığı bildirilir. Bununla yanaşı, müxalifətdə olan siyasətçi artıq qalib gəldiyini elan edərək, özünü “bütün İndoneziya xalqının prezidenti” adlandırıb. O, səslərin 62 faizini topladığını söyləyib.
İndoneziyanın siyasət, ədliyyə və təhlükəsizlik üzrə əlaqələndirici naziri Viranto aprelin 18-də əsas aparıcı nazirlərin, milli polis rəhbərliyinin və silahlı qüvvələr komandanlığının iştirakı ilə fövqəladə iclas keçirib. Viranto bildirib ki, hakimiyyət seçkilərdən sonra hər hansı hadisənin törədilməsinin qarşısını almaq üçün qətiyyət nümayiş etdirməyə hazırdır.
Xatırladaq ki, aprelin 17-də İndoneziyada tarixdə ən böyük seçkilər keçirilib. Həmin gün seçicilər dövlət başçısı ilə yanaşı, 240 min namizəd arasından 20 min qanunvericini də seçiblər. Ölkə üzrə 190 milyon seçicinin təxminən 80 faizinin səsvermədə iştirak etdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-04-18 08:42:00