×
A
A
A
Sazlamalar

Binəli Yıldırım: Son sözü Ali Seçki Komissiyası deyəcək

Ankara, 18 aprel, AZƏRTAC

Partiyamız hüquqlarından istifadə etməkdə davam edir. Son sözü Ali Seçki Komissiyası (ASK) deyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Cümhur ittifaqı” seçki blokunun İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyinə Ədalət və İnkişaf Partiyasından olan vahid namizədi Binəli Yıldırım öz “twitter” səhifəsində yazıb. Türkiyə Böyük Millət Məclisinin sabiq sədri bildirib ki, İstanbuldakı səsvermə ilə bağlı proses başa çatıb. İstanbul Vilayət Seçki Təşkilatı Böyükşəhər bələdiyyə sədrliyinə dair sənədi Əkrəm İmamoğluna verib. Qərarın xeyirli olmasını arzu edirəm. Demokratik və hüquqi araşdırma aparılıb və gərginlik aradan qalxıb.
Xatırladaq ki, aprelin 17-də Cümhuriyyət Xalq Partiyasından İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunun seçkilərdə qalib gəldiyi təsdiqlənib. O, İstanbul Ədalət Sarayına gələrək bələdiyyə sədri seçildiyinə dair sənədi alıb.
Hazırda Ədalət və İnkişaf Partiyası martın 31-də keçirilmiş seçkilərdə İstanbul üzrə səsvermənin nəticələrindən narazıdır və bununla bağlı ASK-yə aidiyyəti üzrə şikayət edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-04-18 01:36:00