×
A
A
A
Sazlamalar

Notr-Dam kilsəsinin bərpası üçün beynəlxalq müsabiqə keçiriləcək

Bakı, 17 aprel, AZƏRTAC

Paris Notr-Dam kilsəsinin yanğın zamanı dağılmış qüllələrdən birinin bərpası üçün beynəlxalq memarlıq müsabiqəsi təşkil olunacaq.
AZƏRTAC Fransa KİV-lərinə istinadla xəbər verir ki, bunu Baş nazir Eduard Filipp Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. Məqsədlərinin qülləni tarixə uyğun şəkildə bərpa etmək olduğunu vurğulayan Filipp tarixi binada bərpa işləri üçün gələn həftə yeni qanun layihəsinin təqdim olunacağını qeyd edib.
Onun sözlərinə görə, yanğından xilas edilən bəzi əsərlər Luvr muzeyinə aparılıb və restavrasiya olunacaq. Kilsənin bərpasına ianə verən vətəndaşlara gəlir vergisində güzəşt ediləcək.
Xatırladaq ki, Parisin simvollarından biri sayılan Notr-Dam kilsəsində yanğın aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb və təqribən 9 saata yaxın davam edib. Hadisənin kilsənin damında aparılan bərpa işlərindən qaynaqlandığı ehtimal olunur.

Dünya 2019-04-17 17:28:00