×
A
A
A
Sazlamalar

Liviyada döyüşlər nəticəsində həlak olanların sayı 189 nəfərə çatıb

Bakı, 17 aprel, AZƏRTAC

Liviyanın Tripoli şəhəri yaxınlığında ağır döyüşlər nəticəsində həlak olanların sayı 189 nəfərə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının Liviya bölməsi məlumat yayıb. “Liviyanın Tripoli rayonunda 189 nəfər həlak olub, 816 nəfər yaralanıb, 18 mindən çox insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb. Dünya Səhiyyə Təşkilatı və səhiyyə sahəsində tərəfdaşlarımız məcburi köçkün mərkəzlərinə göndərilən və xəstələrin müalicəsi ilə məşğul olan mobil tibbi briqadaların koordinasiyası ilə məşğuldur”, - məlumatda belə deyilir.
Bir qədər əvvəl qurumun rəsmi nümayəndəsi Tarik Yazareviç Tripoli şəhəri uğrunda gedən döyüşlərdə 174 nəfərin, o cümlədən 14 mülki şəxsin həlak olduğunu, aralarında 36 dinc sakinin olduğu 756 nəfərin isə yaralandığını bildirmişdi.
Xatırladaq ki, aprelin 4-də Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Haftar Tripoliyə hücum əməliyyatının başladığını elan edib. Paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saracın əmri ilə ona tabe olan bütün hərbi birləşmələr tam döyüş hazırlığı səviyyəsinə gətirib. Hazırda paytaxtın yaxınlığında qızğın döyüşlər gedir.
2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsindən və öldürülməsindən sonra Liviyada gərgin siyasi böhran yaşanır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Razılıq Hökuməti fəaliyyət göstərir.
Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir.

Dünya 2019-04-17 16:07:00