×
A
A
A
Sazlamalar

Venesuelada dolların məzənnəsi gün ərzində 23 faiz bahalaşıb

Bakı, 17 aprel, AZƏRTAC

Ötən gün ərzində ABŞ dolları Venesuela bolivarına nisbətdə 23 faiz bahalaşıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Venesuela Mərkəzi Bankının təyin etdiyi rəsmi mübadilə məzənnəsi 1 dolların 4,1 min bolivara nisbətindədir. Bu da aprelin 15-də olan məzənnə ilə müqayisədə 800 bolivar çoxdur. Venesuelada minimum əməkhaqqı 18 min bolivar – yeni məzənnə ilə 4,3 dollar təşkil edir.
Bolivar Respublikası son illər milli valyutanın devalvasiyası ilə müşayiət olunan kəskin sosial-iqtisadi böhran yaşayır. Bu ilin mart ayında ölkədə inflyasiyanın həcmi 1,62 milyon faizə çatıb.
Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, 2019 və 2020-ci illərdə Venesuelada qiymətlərin 10 milyon faiz bahalaşması gözlənilir.

Dünya 2019-04-17 11:56:00