×
A
A
A
Sazlamalar

Avstriya dövləti də “Volkswagen” konsernindən təzminat tələb edir

Vyana, 17 aprel, AZƏRTAC

“Dizelqeyt” qalmaqalı ilə bağlı “Volkswagen” avtomobil konserninə qarşı təzminat tələbi ilə çıxış edən şikayətçilər sırasına Avstriya dövləti də qoşulub. Avstriya dövləti konserndən bağlanmış lizinq müqavilələrinə görə 2,63 milyon avro təzminat tələb edir.
AZƏRTAC xəbər verir ki, Avstriya dövləti bu ölkənin İqtisadi Cinayətlər və Korrupsiyaya qarşı Mübarizə Prokurorluğunda “Volkswagen” konserninə qarşı açılmış cinayət işinə zərərçəkən qismində qoşulub. Avstriya dövlətini bu işdə təmsil edən Maliyyə Prokurorluğundan mətbuata verilən açıqlamada göstərilib ki, Avstriya dövləti konsernə mənsub “Volkswagen”, “Audi”, “Seat” və “Skoda” markalı avtomobilləri lizinq müqaviləsi ilə əldə edərkən, havaya buraxılan zərərli maddələrlə bağlı yalnış məlumat verilib.
“Volkswagen” konserninin dizel yanacağı ilə işləyən avtomobillərində proqram təminatının manipulyasiyası nəticəsində havaya buraxılan zərərli maddələrin aşağı göstərməsi də yekun olaraq bu konsernə məxsus 2450 avtomobilin lizinq müqaviləsi ilə əldə edilməsinə səbəb olub.
Maliyyə Prokurorluğunun açıqlamasında, həmçinin qeyd edilib ki, əgər Avstriya Respublikasının müvafiq qurumları mühərriklərin manipulyasiya ilə bağlı öncədən məlumatlandırılmış olsaydılar, o zaman Avstriya tərəfi həmin avtomobillərin alınmasından imtina edərdi.
Qeyd edilməlidir ki, təzminat kimi tələb olunan vəsait şirkətdən lizinq müqaviləsi ilə alınmış avtomobillərin ümumi dəyərinin 10 faizini təşkil edir.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2019-04-17 11:42:00