×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Polşa arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində aprelin 16-da bu ölkənin Seyminin marşalı (spiker) Marek Kuxçinski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Seymin marşalı 2017-ci ilin aprel ayında Azərbaycanın xarici işlər nazirinin Polşaya rəsmi səfərini xatırlayıb, belə səfərlərin Polşa və Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına təkan verdiyini qeyd edib. İki ölkə arasındakı əməkdaşlığın parlament ölçüsünün əhəmiyyətindən bəhs edən marşal hər iki ölkədə parlament dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayaraq, bu qrupların mütəmadi görüşlərinin keçirilməsinin mövcud əlaqələrin daha da irəli aparılması baxımından vacib olduğunu qeyd edib.
Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib. Nazir Azərbaycan Milli Məclisinin sədrinin salamlarını Marek Kuxçinskiyə çatdırıb. Elmar Məmmədyarov qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən enerji, infrastruktur layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, habelə Cənub-Qərb nəqliyyat dəhlizi haqqında geniş məlumat verib.
Tərəflər Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı çərçivəsində iştirak ilə bağlı fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Polşanın Aİ-yə üzv ölkələr arasında Azərbaycanın əsas tərəfdaş ölkələrindən biri olduğunu söyləyib.
Seymin marşalı Şərq Tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, Avronest Parlament Assambleyası çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib.
Nazir bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin cari vəziyyəti ilə bağlı marşalı məlumatlandırıb. Münaqişənin tezliklə həllinin bölgədə sülh, dayanıqlı inkişaf və rifahın təmin olunması baxımından vacib olduğunu vurğulayıb.
Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Seyminin marşalını Azərbaycana səfərə dəvət edib.

Xarici siyasət 2019-04-16 22:13:00