×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 15 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir

1.Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir.
1.3. MEİS-in informasiya ehtiyatlarının formalaşdırılması və onlardan istifadə “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası qanunlarının, habelə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərinə riayət olunmaqla həyata keçirilir.
1.4. MEİS-in fəaliyyəti “bir pəncərə” prinsipi əsasında yeni texnologiyaların tətbiqi yolu ilə təmin olunur.
1.5. MEİS-in informasiya ehtiyatlarında yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.6. MEİS-in saxlanılma, fəaliyyət və inkişaf xərcləri Nazirlik üçün ayrılmış büdcə təxsisatları çərçivəsində dövlət sosial müdafiə fondunun büdcəsi, işsizlikdən sığorta fondunun büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
1.8. MEİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası və məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

2. MEİS-in strukturu, daxil edilən informasiyanın tərkibi, növü və həmin informasiyadan istifadə qaydası


2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir:
2.1.1. “Sənəd dövriyyəsi” altsistemi;
2.1.2. “Əmək müqaviləsi bildirişi” altsistemi;
2.1.3. “Ünvanlı yardım” (VEMTAS) altsistemi;
2.1.4. “Sosial ödənişlər” altsistemi;
2.1.5. “Əlillik” (TSERAS) altsistemi;
2.1.6. “Sığorta” altsistemi;
2.1.7. “Monitorinq” altsistemi;
2.1.8. “Pensiya” altsistemi;
2.1.9. “Məşğulluq” altsistemi;
2.1.10. “Sovqat” altsistemi;
2.1.11. “Çağrı mərkəzi” altsistemi;
2.1.12. “Tapşırıqlar" altsistemi;
2.1.13. “Vətəndaşların qəbulu” altsistemi;
2.1.14. “Sanatoriya-kurort” altsistemi;
2.1.15. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi;
2.1.16. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı.
2.2. “Məşğulluq haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məşğul şəxslərin və əlilliyi olan şəxslərin reyestrlərinin formalaşdırılması MEİS vasitəsilə təmin edilir.
2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:
2.3.1. “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə sənədlərin icra vəziyyətini nəzarətdə saxlamaq, sənəd axtarışını asanlaşdırmaq, Nazirliyin fəaliyyətinə dair statistik məlumatları əldə etmək məqsədilə Nazirliyin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar arasında sənəd dövriyyəsinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron qaydada aparılması;
2.3.2. “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya ona xitam verilməsinin elektron qaydada qeydiyyata alınması, habelə iş yerindən elektron qaydada arayış alınması;
2.3.3. “Ünvanlı yardım” (VEMTAS) altsistemi vasitəsilə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət edilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması və ya təyin olunmasından imtina edilməsi, habelə onun ödənilməsi;
2.3.4. “Sosial ödənişlər” altsistemi vasitəsilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa və ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq, sosial ödənişlər verilməsinin uçotunun elektron qaydada aparılması;
2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması;
2.3.6. “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması;
2.3.7. “Monitorinq” altsistemi vasitəsilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması və aparılması;
2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması;
2.3.9. “Məşğulluq” altsistemi vasitəsilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, işəgötürənlərin verdikləri boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri haqqında məlumatlar əsasında vakansiya bankının, ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi;
2.3.10. “Sovqat” altsistemi vasitəsilə ayrı-ayrı kateqoriyadan olan şəxslərin maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin aktlarına əsasən, mənzil, avtomobil, habelə müxtəlif dövlət proqramları çərçivəsində maddi yardımla təmin olunan şəxslərin uçotunun elektron qaydada aparılması;
2.3.11. “Çağrı mərkəzi” altsistemi vasitəsilə Nazirliyin fəaliyyəti ilə bağlı sorğuların, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə əlaqədar müraciətlərin qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılması, məlumatlandırma və məsləhət xidmətləri göstərilməsi, şikayətlərin (ərizələrin, təkliflərin) qəbulu və aidiyyəti üzrə yönəldilməsi;
2.3.12. “Tapşırıqlar” altsistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 26 oktyabr tarixli 472 nömrəli Fərmanına və 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və tam icrasını təmin etmək məqsədilə mərkəzləşdirilmiş qaydada nəzarətin həyata keçirilməsi;
2.3.13. “Vətəndaşların qəbulu” altsistemi vasitəsilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlikdə vətəndaşların qəbulunun elektron qaydada aparılması və arxivləşdirilməsi;
2.3.14. “Sanatoriya-kurort” altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələrindən sanator-kurort müalicəsi üçün göndəriş almış şəxslərin tibbi qeydiyyat sənədlərinin uçotunun elektron qaydada aparılması;
2.3.15. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılması;
2.3.16. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması.
2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.
2.5. MEİS-də toplanmış məlumatlardan, həmin informasiyanın xarakterindən asılı olaraq, dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və ya fiziki şəxslərin bu Əsasnamənin 1.3-cü bəndinə uyğun olaraq istifadə etmək hüququ vardır.
2.6. MEİS vasitəsilə sorğu edilən məlumatların tərkibi bu Əsasnamənin 4.1-ci bəndində göstərilən dövlət qurumları ilə qarşılıqlı razılaşmalara, operatorun bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalarına və istifadəçilərin sistemdən istifadə səlahiyyətlərinə uyğun müəyyənləşdirilir.

3. MEİS-in infrastrukturu

3.1. MEİS-in infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:
3.1.1. proqram-texniki vasitələr;
3.1.2. şəbəkə infrastrukturu;
3.1.3. idarəetmə sistemi;
3.1.4. ehtiyat mərkəzi;
3.1.5. arxiv mərkəzi.
3.2. MEİS-in proqram-texniki kompleksinə serverlər, informasiyanı mühafizə vasitələri, fasiləsiz enerji mənbələri, əməliyyat sistemləri, tətbiqi proqram təminatı və digər proqram-texniki vasitələr aiddir.
3.3. MEİS-in şəbəkə infrastrukturunu kommunikasiya avadanlığı və mühafizə olunan rabitə kanalları təşkil edir.
3.4. MEİS-in idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.
3.5. MEİS-in fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və informasiya sisteminin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar MEİS-in məlumat bazalarında, ehtiyat surətləri isə arxiv mərkəzində saxlanılır.
3.6. Müvafiq sahədə xidmətlərdən istifadə üçün portal gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə təchiz edilir.

4. MEİS-lə inteqrasiya ediləcək digər dövlət qurumlarının informasiya sistemləri və ehtiyatları

4.1. Nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə aşağıdakı dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir:
4.1.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
4.1.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
4.1.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
4.1.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
4.1.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
4.1.6. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
4.1.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
4.1.8. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
4.1.9. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
4.1.10. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;
4.1.11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;
4.1.12. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
4.1.13. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
4.1.14. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
4.1.15. Kredit büroları;
4.1.16. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi;
4.1.17. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;
4.1.18. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti;
4.1.19. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi;
4.1.20. yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri.
4.2. Bu Əsasnamənin 4.1-ci bəndində qeyd edilən dövlət qurumlarının informasiya ehtiyatlarının və sistemlərinin MEİS-ə inteqrasiyası Qaydalara uyğun həyata keçirilir.

5. MEİS-in operatorunun funksiyaları

5.0. MEİS-in operatoru Nazirlikdir. MEİS-in operatorunun aşağıdakı funksiyaları vardır:
5.0.1. MEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı işləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun formada aparmaq;
5.0.2. MEİS-i Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya etmək və digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
5.0.3. MEİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
5.0.4. normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları MEİS-ə daxil etmək;
5.0.5. MEİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər görmək;
5.0.6. müvafiq sahədə xidmətlər göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya MEİS-də və ya digər dövlət informasiya ehtiyatında və sistemində olduqda həmin informasiyanın ilkin mənbədən əldə edilməsini Qaydalara uyğun təmin etmək;
5.0.7. müvafiq sahədə elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında MEİS vasitəsilə və “Elektron hökumət” portalına keçid verilməklə göstərilməsini təmin etmək;
5.0.8. MEİS-in dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;
5.0.9. MEİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi ilə bağlı profilaktik işlər aparmaq;
5.0.10. MEİS-dən istifadə ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
5.0.11. MEİS-in təşkili və fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – əlaqələndirici qurum) tərəfindən qiymətləndirmələrin aparılmasına zəruri şərait yaratmaq;
5.0.12. MEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları əlaqələndirici quruma təqdim etmək;
5.0.13. MEİS-də yaradılan elektron imkanlar vasitəsilə, istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
5.0.14. əlaqələndirici qurumun əsaslandırılmış tələbinə uyğun MEİS-in fəaliyyətini təşkil etmək, onda dəyişiklik etmək və təkmilləşdirmələr aparmaq;
5.0.15. normativ hüquqi aktlarda müəyyən edilən digər funksiyalar.

6. MEİS-in operatorunun hüquq və vəzifələri

6.1. MEİS-in operatorunun bu Əsasnamənin 6.2-ci bəndində nəzərdə tutulan vəzifələri yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
6.1.1. MEİS-in fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
6.1.2. MEİS-in fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni altsistemlər yaratmaq;
6.1.3. istifadəçilərin MEİS-dən məlumatları “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sorğu etmələrinə nəzarət etmək;
6.1.4. Qaydaların tələblərinə uyğun olaraq, digər dövlət qurumlarından məlumatların elektron formada mübadiləsini tələb etmək;
6.1.5. əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə üçün nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə məqsədilə həmin məlumatların ötürülməsində məhdudiyyətlər tətbiq etmək;
6.1.6. MEİS-də nasazlıqların, qəzaların (xətaların) baş verməsi hallarında operatorun hazırlıq səviyyəsini yoxlamaq məqsədilə sınaqlar keçirmək.
6.2. MEİS-in operatorunun vəzifələri aşağıdakılardır:
6.2.1. məlumatların mötəbərliyinin MEİS-in nəzarətində saxlanılması və mütəmadi (dövri) yoxlanılması imkanlarını təmin etmək;
6.2.2. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;
6.2.3. fəaliyyətin fasiləsizliyini təmin etmək, dayanma hallarının qeydiyyatını aparmaq, mütəmadi texniki dəstək fəaliyyəti həyata keçirmək;
6.2.4. fərdi məlumatların toplanılmasını və işlənməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;
6.2.5. informasiya ehtiyatında və sistemində dəyişiklikləri müvafiq qeydlər etməklə aparmaq, belə qeydlərin edilməsinə əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;
6.2.6. arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;
6.2.7. formalaşdırılan, daxil edilən və toplanılan məlumatların əlavə nüsxələrinin MEİS-in ehtiyat mərkəzlərində saxlanılmasını təmin etmək;
6.2.8. MEİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşları arasında iş və vəzifə bölgüsünü müəyyən etmək və həmin əməkdaşları bu barədə məlumatlandırmaq;
6.2.9. MEİS-in fəaliyyətinin mütəmadi monitorinqini həyata keçirmək;
6.2.10. məlumatların MEİS-ə tam, dəqiq və dürüst daxil edilməsini təmin etmək;
6.2.11. eyni məlumatların MEİS-ə təkrar daxil edilməsinin qarşısını almaq;
6.2.12. normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səlahiyyətlərinə aid olmayan informasiyanın MEİS-ə daxil edilməsinin qarşısını almaq;
6.2.13. MEİS-dən istifadəni (o cümlədən informasiyanın axtarılmasını və əldə edilməsini) normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmdə və vaxtda təmin etmək;
6.2.14. MEİS-in mühafizəsi ilə bağlı normativ hüquqi aktlarda müəyyən edilmiş zəruri təşkilati, texniki tədbirlər görmək, sistemdə formalaşdırılan, daxil edilən və toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsinı təşkil etmək;
6.2.15. MEİS-də məlumatların toplanılması, işlənməsi, sorğuların verilməsi və icrası, müraciətlərin qeydiyyatının və onlara baxılmanın nəticələrinin, habelə informasiya sisteminin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılmasını (hesabatlılığını) təmin etmək;
6.2.16. MEİS-də fərdi məlumatların toplanılması, işlənməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsinə nəzarəti “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirmək.

7. MEİS-in istifadəçilərinin hüquqları

7.0. MEİS-in istifadəçilərinin aşağıdakı hüquqları vardır:
7.0.1. MEİS vasitəsilə müvafiq sahədə xidmətlərdən istifadə etmək;
7.0.2. müvafiq sahədə xidmətlər göstərilməsi üçün müraciət etmək və həmin xidmətlərdən “e-sosial” portalı vasitəsilə yararlanmaq;
7.0.3. etdiyi müraciətin nəticəsi barədə cavab almaq;
7.0.4. MEİS-dən özü barədə məlumatlar əldə etmək;
7.0.5. MEİS-də özü barədə məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək;
MEİS-in işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2019-04-15 18:48:00