Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibinin müavini ilə görüşüb

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 15-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatı (ÜGT) baş katibinin müavini Rikardo Trevino Çapa ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş Bakıda işə başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində keçirilib. S.Mehdiyev ÜGT ilə Azərbaycan gömrük xidməti arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını ifadə edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlardan bəhs edən komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın təmin olunması istiqamətində atılan addımlardan və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsindən söhbət açıb. Vurğulayıb ki, Azərbaycan gömrüyü bu gün dünya gömrük ailəsinin etibarlı üzvüdür.
ÜGT-nin bir sıra beynəlxalq və regional tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdıran S.Mehdiyev, eyni zamanda, Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirakına görə qonağa təşəkkürünü bildirib.
ÜGT baş katibinin müavini Rikardo Trevino Çapa Azərbaycana səfərindən, eləcə də Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirakından məmnunluğunu bildirib. Təmsil etdiyi təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini vurğulayan qonaq ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2019-04-15 18:45:00