×
A
A
A
Sazlamalar

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün dönüş yaradılması məqsədilə regional proqrama start verilib YENİLƏNİB

Bakı, 15 aprel, AZƏRTAC
Dünya miqyasında mövcud iqlim dəyişikliyi təhlükəsini nəzərə alaraq, 2019-cu ildə Avropa İttifaqı, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanın üzv olduğu Şərq Tərəfdaşlığı ölkələrində EU4Climate adlı yeni regional layihənin həyata keçirilməsinə başlanılıb. Layihə altı ölkənin 2015-ci il Paris İqlim Sazişindən, Avropa İttifaqı ilə Assosiasiya və Tərəfdaşlıq Sazişlərindən, Şərq Tərəfdaşlığı çərçivəsində “2020-ci il üçün 20 Nəticə” adlı siyasi təşəbbüsdən (xüsusən də iqlimlə bağlı 15-ci və 16-cı nəticələrdən) və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən (xüsusən də iqlimlə bağlı tədbirlərə dair 13-cü Dayanıqlı İnkişaf Məqsədindən) irəli gələn öhdəliklərinə əsaslanan siyasətin işlənib hazırlanması və həyata keçirilməsi üçün ölkə hökumətlərinə dəstək göstərmək məqsədini daşıyır. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Climate layihəsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 15-də Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi və çoxşaxəli partnyorluq prinsiplərini Şərq Tərəfdaşlığı regionu ölkələrində iqlim dəyişikliyinə qarşı effektiv mübarizədə ön plana çəkən EU4Climate adlı yeni bir regional layihənin açılış mərasimində bu barədə danışılıb.
Mərasimdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi Simona Gatti deyib: “Layihə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı birgə tədbirlər görmək üçün Azərbaycan hökuməti ilə strateji tərəfdaşlığını nümayiş etdirir və Azərbaycanda Paris İqlim Sazişinin həyata keçirilməsini, habelə Avropa İttifaqı standartları və beynəlxalq standartlara uyğun olaraq iqlim siyasətini və qanunvericiliyin təkmilləşdirilməsini dəstəkləyəcək”.
Onun verdiyi məlumata görə, layihənin məqsədi Azərbaycanda ilk dəfə olaraq daha az tullantının ayrıldığı və iqlimə davamlı tədbirlərin milli inkişaf planlarına daxil edilməsi, habelə iqlim dəyişikliyi ilə bağlı milli qanunvericiliyin Avropa İttifaqı standartlarına və Avropa İttifaqının qanunvericilik toplusuna uyğunlaşdırılması üçün milli potensialı inkişaf etdirməkdir. Şərq Tərəfdaşlığı regionunun altı ölkəsinin hər birində 2050-ci ilədək iqlimlə bağlı fəaliyyət gündəliyi kimi xidmət etmək üçün gələcəyə baxışı əks etdirən və istixana qazlarının miqdarını azaltmaq üçün uzunmüddətli strategiyalar işlənib hazırlanacaq. Ən əsası, layihə, hər bir tərəfdaş ölkədə kənd təsərrüfatı, tikinti və enerji sahələri daxil olmaqla iqtisadiyyatın müxtəlif sektorlarında Paris İqlim Sazişinin yerinə yetirilməsi üçün konkret sənaye sahələri üzrə rəhbər müddəaları müəyyən edəcək.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti artıq neçə illərdir ki, Azərbaycanda ekoloji dayanıqlığı qorumaq üçün bir sıra layihələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə uğurla tərəfdaşlıq edildiyi barədə danışıb: “İqlim dəyişikliyi həmin əməkdaşlığın ən prioritet sahələrindən biridir. Biz, iqlim dəyişikliyinin təsirinin azaldılması və ona uyğunlaşmaq məqsədilə daha güclü siyasətin və təcrübələrin işlənib hazırlanmasında hökumətə dəstəyimizi davam etdirəcəyik”.
Onun dediyinə görə, layihənin icra olunduğu Şərq Tərəfdaşlığı proqramının altı ölkəsində, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmağı sürətləndirməyə kömək edəcəkdir. Xüsusən də, layihə, İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə bilavasitə dəstək göstərəcək. EU4Climate layihəsi, həmçinin yoxsulluq, ərzaq və su təchizatı, şəhər və kənd yerlərinin dayanıqlılığı, gender bərabərliyi, əlçatan və təmiz enerji, məsuliyyətli istehsal və istehlak, eləcə də inkişaf naminə tərəfdaşlıqların gücləndirilməsi ilə bağlı digər Dayanıqlı İnkişaf Məqsədinə nail olmağa kömək edəcək.
Qeyd olunub ki, yeni layihə Şərq Tərəfdaşlığı regionu ölkələrinin iqlimlə bağlı üzləşdikləri bir sıra problemləri əhatə edir. Həmin ölkələrin bir qismində su və enerji çatışmazlığı problemləri mövcuddur. Digərlərində isə ölkələr özünün daxili enerji istehlakı tələbatının 80 faizini təmin etmək üçün faydalı qazıntı növlərindən asılıdır, nəticədə isə həmin ölkələrdə enerjidən həddən artıq və qeyri-səmərəli istifadə olunur. Bütün bunlar iqlim dəyişikliyini sürətləndirərək şəhər və kənd icmalarını iqlim dəyişikliyinə qarşı müdafiəsiz edir, eyni zamanda, iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyə xərclərini olduqca artıraraq ölkə hökumətlərinin üzərinə daha çox maliyyə yükü qoyur.
Layihənin icrasına Avropa İttifaqı 8,8 milyon avro məbləğində maliyyə vəsaiti ayırır. Altı ölkənin hər birində EU4Climate layihəsi BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçiriləcək. Avropa İttifaqı milli səviyyədə iqlim dəyişikliyi ilə bağlı siyasətlərin və təcrübələrin həyata keçirilməsi üçün təkcə Azərbaycana 830 min avroya yaxın vəsait ayıracaq.
Layihə, eyni zamanda, 2013-2017-ci illərdə Avropa İttifaqından böyük maliyyə vəsaiti alan və Avropa İttifaqı Şərq Qonşuluğu ölkələrində, o cümlədən Azərbaycanda, habelə Rusiyada iqlim dəyişikliyinin təsirinin azaldılması və ona uyğunlaşma tədbirlərinə dəstək göstərən ClimaEast proqramının nəticələrinə və keçmiş təcrübələrə əsaslanacaqdır.

Ekologiya 2019-04-15 15:34:00