×
A
A
A
Sazlamalar

İndiyədək “ E-sosial” internet portalına 100 mindən çox baxış olub

Bakı, 15 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin noyabrından istifadəyə verdiyi www.e-sosial.az  internet portalına indiyədək 100 mindən çox baxış olub. Portalın aktiv istifadəçilərinin sayı 20 mini ötüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə verdiyi müsahibədə deyib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 5 sentyabr tarixli Fərmanına əsasən hazırlanan portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı verib. Vətəndaşlar həmin portal vasitəsilə öz sosial-əmək hüquqlarının təminatı prosesinə mütəmadi nəzarət edə bilirlər. Portalda vətəndaşlara aid mövcud məlumatlar, həmçinin onların faydalana biləcəyi xidmətlərə, sosial təminat hüquqlarına da dəlalət edir. Məsələn, şəxsin portalda əmək müqaviləsi varsa, bu, onun əmək hüquqlarının olduğunu, fərdi hesabı varsa, orada pensiya kapitalı toplanırsa, bu, onun gələcək pensiya təminatı hüququnu, əlilliyi varsa, bu, onun əlilliyə görə sosial müavinət və ya pensiya hüququnun olmasını və s. göstərir.
İstifadəçi özü barədə portalda toplanmış məlumatları daim izləyə, yoxlaya bilir, öz məlumatları və yaranan hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirmək funksiyasına malik olur.
S.Babayev deyib ki, portalın Android əməliyyat sistemi üzərindən mobil tətbiqi da istifadəyə verilib. Yaxın günlərdə isə İOS əməliyyat sistemi üzərindən də mobil tətbiq təqdim olunacaq.

Sosial 2019-04-15 14:04:00