×
A
A
A
Sazlamalar

Sofiyada Füzuli yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə təşkil olunub

Sofiya, 15 aprel, AZƏRTAC

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü, Bolqarıstandakı səfirliyimizin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Bolqarıstanın Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxanası və “Avropa və Dünya” Fondu ilə birgə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 525-ci ildönümü ilə əlaqədar şairin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, gecədə şairin bolqar dilinə tərcümə olunmuş qəzəlləri səsləndirilib.
Gecədə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru S.Şıqayeva-Mitreska, Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini A.Totomanova, Kitabxananın əməkdaşı Nevena Qramatikova, “Avropa və Dünya” Fondunun rəhbəri, şair və jurnalist Q.Dvoretska çıxış ediblər.
Tədbirdə, həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin tədbir iştirakçılarına ünvanlanmış məktubu səsləndirilib. Məktubda böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin dünya lirik poeziyasının parlaq simalarından biri olması, onun ölməz qəzəllərinin bu gün də aşiqlərin qəlbini fəth etməsi, məhəbbət, xeyirxahlıq, humanizm hissləri aşılaması qeyd olunub.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxışında Məhəmməd Füzulinin XVI əsr Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi və divan janrının ən möhtəşəm simalarından biri olduğunu, şairin 3 dildə - Azərbaycan, ərəb və fars dillərində qəzəl, qəsidə, rübai, qitə janrlarında təkrarolunmaz əsərlər yaratdığını diqqətə çatdırıb, onun yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poemasından bəhs edib. Səfir XII əsrin digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox şairlər tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsərin orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçildiyini vurğulayıb, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin nəinki Azərbaycan, eləcə də müsəlman və türk dünyasında ilk opera janrında olan əsərinin məhz Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında qələmə alınmasının heç də təsadüfi olmadığını bildirib. Şairin yaradıcılığından ətraflı bəhs edən səfir onun Səfəvilər dövlətinin banisi və eyni zamanda, gözəl şair Şah İsmayıl Xətaiyə “Bəngü Badə” əsərini ithaf etməsindən, eyni zamanda, şairin bu il 650 illik yubileyini qeyd etdiyimiz Nəsimidən sonra Azərbaycan dilində yazmış olduğu nümunələrlə ədəbi dilimizi daha da yüksəklərə qaldırması, klassik Azərbaycan, habelə dünya poeziyasına qüvvətli təsir göstərməsi və yeni ədəbi məktəb yaratmasından danışıb.
N.Qurbanova böyük şairin 1572-ci ilə aid və ana dilimizdə yazılmış 400-dən artıq şeir toplanmış “Divanı”nın əlyazma nüsxəsinin UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsindən söz açıb. Azərbaycan xalqının ölməz şairə olan məhəbbətinin, həmçinin onun adının əbədiləşdirilməsində də özünü büruzə verdiyini qeyd edən N.Qurbanova AMEA-nın Əlyazmalar İnstitutuna, Bakı şəhərinin mərkəzi meydanlarından birinə dahi şairin adının verilməsi, meydanda onun heykəlinin ucaldılması, hazırda ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş rayonlarından birinin əbədiyaşar Füzulinin adını daşıması barədə məlumat verib.
Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini A.Totomanova görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 525 illiyi ilə əlaqədar təşkil olunan tədbiri son dövrlər Azərbaycanın müvafiq qurumları ilə fəal əməkdaşlığın davamı kimi qiymətləndirib. O, birgə təşəbbüs və fəaliyyətlərin səfir N.Qurbanovanın şəxsində Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən göstərilmiş dəstəyin nəticəsində mümkün olduğunu ifadə edib.
Füzuli yaradıcılığı barədə təqdimatla çıxış edən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru S.Şıqayeva-Mitreska ədəbiyyatın əsas məqsədlərindən birinin insanlarda məhəbbət hissini oyatmasından ibarət olduğunu, Şərq poeziyasında məhəbbət mövzusunun diqqət mərkəzində dayanmasının heç də təsadüfi olmadığı bildirib. O, məhəbbət və gözəllik carçısı, sevgi poeziyasının aşiqi, dahi şair və mütəfəkkirin həm dünyəvi, həm də ilahi sevgini qələmə almasından bəhs edib. Şairin həyatı barədə qısa məlumat verən S.Şıqayeva-Mitreska onun həm Ağqoyunlu, həm də Səfəvilər dövlətləri zamanında, eləcə də Osmanlı imperiyası dönəmində yaşadığını, Sultan Süleyman tərəfindən şairə təqaüd ayrıldığını, bürokratik əngəllər səbəbindən şairin təqaüdü ala bilməməsi və bu məqamın şairin “Şikayətnamə” əsərində təsvir edildiyini bildirib. Füzulinin yaradıcılığa erkən yaşlarda başladığını vurğulayan direktor onun “Füzuli” təxəllüsünü götürdüyünü, şairin olduqca çətin bir dövrdə yaşadığını, bir çox müharibələrə və bu müharibələrin bəşəriyyətə vurduğu zərbələrə şahid olduğunu diqqətə çatdırıb. Lirik poeziya ustadının uzun yaradıcılıq yolu keçdiyini, lirik janrın bütün formalarında əsərlər yaratdığı barədə məlumat verib. Daha sonra S.Şıqayeva-Mitreska şairin qəzəllərindən bolqar dilinə etdiyi tərcümələri oxuyub.
Ardınca çıxış edən Q.Dvoretska etdiyi tərcümələr barədə danışıb, Füzulinin şəxsiyyəti və yaradıcılığı barədə təəssüratlarını bölüşüb və tərcümələrdən nümunələr ifa edib.
Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın əməkdaşı N.Qramatikova Bolqarıstanın Mədəni İntibahının əsas simalarından olan Petko Slaveykovun 1864-cü ildə İstanbulda çap olunan kitabında Füzulinin türk dilində və kiril əlifbasında yazılmış şeirinin yer alması barədə məlumat verib. O, Osmanlı dövründə şairin yaradıcılığının Bolqarıstanda da tanındığına diqqət çəkib və yuxarıda sözügedən kitabda çap olunan şeiri bolqar dilinə tərcümə etməsi barədə danışıb.
Sonda dahi şairin “Leyli və Məcnun” poemasının motivləri əsasında qələmə alınan “Leyli və Məcnun” operasından hissələr nümayiş olunub, həmçinin Füzulinin əsərləri, eləcə də onun yaradıcılığı barədə kitablardan ibarət sərgi nümayiş olunub.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Cəmiyyət 2019-04-15 12:24:00