×
A
A
A
Sazlamalar

Diaspor rəhbərləri Kiyevdəki uşaq evini ziyarət ediblər

Kiyev, 14 aprel, AZƏRTAC

Ukraynaya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və diaspor təşkilatlarının rəhbərləri Kiyevdəki “Beryozka” uşaq evini ziyarət edərək körpələrə hədiyyələr veriblər.
AZƏRTAC xəbər verir ki, ziyarətə və hədiyyələrə görə təşəkkür edən baş həkim Aleksey Moqilnıy müəssisə haqqında məlumat verib. Bildirib ki, 95 uşağın olduğu müəssisəyə Azərbaycan diaspor təşkilatları mütəmadi yardım edir. Artıq 5 ildir Kiyev Azərbaycanlıları Konqresi uşaq evinin maddi-texniki və ərzaq təminatına yardım göstərir, bayramlarda uşaqları ziyarət edərək onlara hədiyyələr gətirir.
Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diaspor təşkilatlarının xeyriyyəçilik fəaliyyətini yüksək qiymətləndirib, təkcə Kiyev Azərbaycanlıları Konqresinin deyil, digər diaspor təşkilatlarının da belə təşəbbüslərə qoşulacağına ümid etdiyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin və diaspor rəhbərlərindən ibarət nümayəndə heyəti Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun nəzdindəki 1 saylı “Qafqaz rəqsləri məktəbi” ilə də tanış olub. Məktəbin təsisçiləri Nicat Mirzəyev və Şəmsi Məhərrəmov məktəb barədə məlumat veriblər. Bildirilib ki, şagirdlər müxtəlif xalqların nümayəndələrini təmsil edirlər. 10 ildən çoxdur fəaliyyət göstərən məktəbin rəqs ansamblı festivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edir.
Rəqs məktəbinin fəaliyyətinin təqdirəlayiq olduğunu deyən Komitə sədri onu daha da inkişaf etdirmək üçün qurumun hər cür dəstək göstərəcəyini bildirib. Eyni zamanda, qeyd edib ki, məktəbin rəqs qrupunun üzvlərinin Azərbaycana səfərlərinin təşkili, onların ölkəmizlə tanış olmaları baxımından önəmlidir.
Daha sonra rəqs məktəbinin şagirdləri qonaqlar üçün Azərbaycan rəqslərini ifa ediblər.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Cəmiyyət 2019-04-14 01:06:00