×
A
A
A
Sazlamalar

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

Bakı, 12 aprel, AZƏRTAC
12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok" kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.
Məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, 747 sutka, 17 saat açıq fəzada olub. Bir uçuşun davamiyyətinə görə isə lider ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox - 437 sutka 17 saat uçuş keçirib. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.
Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun adı ön sıralardadır. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Ümumiyyətlə, Azərbaycan xalqının fəxri olan K.Kərimov kosmik raket texnikasının inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. Ötən əsrin 50-60-cı illərində kosmosa uçuşların intensivləşməsində və süni peyklərin yaradılmasında o, bir alim kimi həmişə ön sırada olub.
Kosmosa uçuş üzrə Dövlət Komissiyasının sədri seçilən K.Kərimov dünyada ilk olan bu işdə bir nömrəli şəxs kimi tarixə düşüb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Maraqlı bir fakt kimi qeyd edək ki, həmin dövrdə televiziyada kosmonavtın hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtın üzü görünsə də, onun məruzə etdiyi şəxsin televiziyada göstərilməsi qadağan idi. Sonralar məlum oldu ki, həmin şəxs məhz həmvətənimiz K.Kərimovdur.
General-leytenant K.Kərimov istehsalat-təşkilat və elmi fəaliyyətinə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülüb və medallarla təltif olunub. Kərim Kərimov 2 dəfə dövlət mükafatı alıb. O, həmçinin müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilib, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı isə 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamından sonra başlayıb. Ölkədə fəaliyyət göstərən aerokosmik agentliyin qarşısında duran başlıca vəzifə ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələri icra etməkdir. Hazırda Azərbaycan kosmik klubun fəal üzvlərindəndir. Kosmik sənayenin inkişafı ölkəmizin prioritetlərindəndir.

Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1"in orbitə buraxılmasından 6 il ötür
"Azerspace-1" ötən 6 il ərzində 90 milyon ABŞ dolları gəlir gətirib. "Azerspace-1" peykinin 30-dan çox ölkədə daimi müştərisi var. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbatı ödəmək üçün yüksək texniki imkanlar yaradır. Hazırda "Azerspace-1" üzərindən 60-dan çox televiziya və radio kanalları yayımlanır.
"Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.

"Azerspace-2" peyki isə ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək
"Azerspace-1" ilə yanaşı, "Azersky" – Yer səthinin məsafədən müşahidə peyki, ötən il isə ikinci telekommunikasiya peyki olan "Azerspace-2" orbitə buraxılıb. "Azerspace-2" peyki "Azerspace-1"in orbitdəki ehtiyatıdır.
"Azerspace-2" peyki bu aydan kommersiya fəaliyyətinə başlayıb. "Azerspace-2" Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərir.
Cari ildə "Azerspace-2"nin tutumlarının istifadəsindən 16,5 milyon dollar gəlir əldə ediləcəyi proqnozlaşdırılır. Dəyəri 190 milyon dollar olan bu peykin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi nəzərdə tutulur. "Azerspace-2" peykinin orbitdə fəaliyyət ömrü minimum 20 ildir.

Cənubi Qafqazda ilk peyk operatoru - "Azərkosmos" ASC
2010-cu il mayın 3-də "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan “Azerspace-1” peyki “Azərkosmos” tərəfindən idarə edilir. 2014-cü ilin dekabrında “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb. Bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. ASC-nin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. 2018-ci ilin sentyabrında isə “Azerspace-2” peyki Kuru kosmodromundan uğurla orbitə buraxılıb.

İKT 2019-04-12 16:26:00