×
A
A
A
Sazlamalar

AZAL-ın prezidenti Batumi şəhərinin meri ilə görüşüb

Bakı, 12 aprel, AZƏRTAC
Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mer səfər çərçivəsində aprelin 12-də AZAL-ın prezidenti Cahangir Əsgərovla görüşüb. Görüşdə tərəflər bu il iyulun 14-dən Azərbaycanın loukosteri "Buta Airways" tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə ediblər.
C.Əsgərovun sözlərinə görə, Bakı-Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir.
AZAL-ın prezidenti bildirib ki, bundan başqa, AZAL aviaşirkəti də Tbilisiyə birbaşa reyslər həyata keçirir. Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar dairələrin əlaqələrini, turist axınını artıracaq, ümumiyyətlə regionlararası əməkdaşlığın inkişafına töhfə verəcək.
Öz növbəsində L.Komaxidze Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib. Batumi şəhərinin meri qeyd edib ki, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində strateji tərəfdaşdırlar.

 

Nəqliyyat 2019-04-12 15:52:00