×
A
A
A
Sazlamalar

Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 3-cü ildönümü qeyd edilib

Bakı, 11 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyətə başlamasının 3-cü ildönümü ilə əlaqədar agentliyin rəhbərliyi və kollektivi aprelin 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, MİDA-nın fəaliyyətə başlamasının 3-cü ildönümü ilə əlaqədar qurumun inzibati binasında tədbir keçirilib. Mənzil İnşaatı Dövlət Agentliyinin idarə heyətinin sədri Sadiq Sadıqov qurumun yaradılmasının 3-cü ildönümü münasibətilə kollektivi təbrik edərək, ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb. Bildirib ki, agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Prezident İlham Əliyevin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil edib.
Vurğulanıb ki, dövlət başçısının ölkə vətəndaşlarının mənzil şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadi inkişafın dəstəklənməsi istiqamətində atdığı mütərəqqi addımların rolu danılmazdır. Ölkə rəhbərinin insanların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və rahat yaşayışının təmin olunması məsələsinin həllinə ayırdığı xüsusi diqqət və Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəsini verir. Əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədilə, ölkə başçısının tapşırığına əsasən, ötən müddətdə agentliyə 2016-cı ildə Bakının Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, cari ilin əvvəlində isə Sumqayıt şəhərində 0,75 hektar torpaq sahələri ayrılıb. Eyni zamanda, Gəncə şəhərində də güzəştli mənzillərin tikintisinin reallaşdırılması məqsədilə torpaq sahəsinin ayrılması üçün işlər aparılır.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2016-cı il dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyulub. Ötən il dekabrın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva agentliyin ilk layihəsi - Yasamal Yaşayış Kompleksinin açılışında iştirak edib, həmçinin 15,4 hektar torpaq sahəsində reallaşdırılacaq yeni yaşayış kompleksinin təməli qoyulub. Yaşayış binaları ilə yanaşı, yeni şəhərciyin ərazisində sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, birmərtəbəli 350 (100,125,125) yerlik üç uşaq bağçasının, 3 mərtəbəli 1200 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi, ərazidə 2200 yerlik avtomobilin park edilməsi üçün açıq tipli dayanacaq nəzərdə tutulub.
Qeyd olunub ki, Yasamal Yaşayış Kompleksinin 1-7 saylı binaları üzrə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilən satışların nəticəsində ümumilikdə 430 nəfər güzəştli mənzilə sahib olub. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib. Güzəştli şərtlərlə əldə edilmiş 430 mənzildən 94-ü 1 otaqlı, 229-u 2 otaqlı, 107-si isə 3 otaqlıdır. Agentliyin ikinci layihəsi – Hövsan Yaşayış Kompleksi 3 minədək ailəni mənzil ilə təmin edəcək, ərazisində 1920 şagird yerlik orta məktəb, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, tibb mərkəzi və digər sosial-ictimai obyektlər tikilərək istifadəyə veriləcək. Ümumilikdə, kompleks 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Onlardan 7-sinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə 10 mərtəbəli bir girişli olması nəzərdə tutulur. Hazırda 7 mərtəbəli binalardan 6-sının tikinti-quraşdırma işləri başa çatdırılıb, bəzək işlərinə başlanılıb. Paralel olaraq digər 5 binanın tikintisi də sürətlə davam etdirilir.
İdarə heyətinin sədri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirir. Ötən müddət ərzində MİDA tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisi, telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin inşası üçün 3 investor cəlb olunub, nəzərdə tutulan 18 milyon manatadək investisiya vəsaitinin 11 milyon manat hissəsi uğurla reallaşdırılıb. Bununla yanaşı, Yasamal Yaşayış Kompleksində (15,4 hektar) 12 binanın tikintisi üçün MİDA tərəfindən 4-cü özəl investor cəlb olunub. Şirkətin 12 binanın tikintisi üçün investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur. Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də, mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 10 mindən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Tikinti̇ 2019-04-11 19:12:00