×
A
A
A
Sazlamalar

Aprelin 10-u İnşaatçılar Günüdür

Bakı, 10 aprel, Ramiz Quliyev, AZƏRTAC 

Hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Bu gün həm də inşaat sahəsində çalışanların peşə bayramıdır. Təbii ki, dövlətin iqtisadi inkişafını göstərən amillərdən biri də inşaat sahəsidir. Bu sahə Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Bu baxımdan son illərə nəzərə salsaq, tikinti sektorunda gedən canlanmanın və dinamik inkişafın şahidi olarıq. Bu illər ərzində respublikanın paytaxtı, eləcə də regionları tikinti meydançasına çevrilib desək səhv etmərik. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən yatırılan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Azərbaycanda əsasən özəl sektor hesabına inşaat materiallarının istehsalında ilbəil artım müşahidə olunur. Əminliklə demək olar ki, ölkə əsas inşaat materialları ilə özünü təmin edə bilir və bu sahədə idxaldan asılılığı xeyli azaldıb.


“Qara şəhər” öz yerini əzəmətli “Bakı Ağ Şəhər”ə verməkdədir
Xəzərin sahili yaxınlığında – “Qara şəhər” deyilən yerdə inşa edilən “Bakı Ağ Şəhər” layihəsi dünyanın ən müasir layihələrindən biridir və ekoloji torpaq emalı edilmiş keçmiş sənaye sahəsi üzərində tikilir. Hazırda burada Yaşıl ada, Fəvvarələr meydanı, Park kvartalı, Mərkəzi Park Kvartalı və digər kvartallarda tikinti işləri aparılır.
“Bakı Ağ Şəhər” layihəsinin baş məsləhətçisi mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti “ATKINS”dir (Böyük Britaniya). Layihə üzərində işə yerli mütəxəssislərlə yanaşı, əfsanəvi “Norman Foster” tərəfindən əsası qoyulmuş məşhur “Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, ABŞ-ın məşhur “F+A Architects” arxitektura bürosu cəlb edilib.

Bakının Baş Planı ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunacaq
Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş Planının hazırlanması işi davam etdirilir. İki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin Baş Planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən biri – “Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb olunub. Artıq işin birinci mərhələsi uğurla yekunlaşdırılıb, ikinci mərhələyə başlamaq və şəhərsalma sahəsində beynəlxalq səviyyədə təcrübəsi olan şirkəti işə cəlb etmək məqsədilə açıq tender elan edilib. Bakı şəhərinin Baş Planının hazırlanması işinin ikinci mərhələsinə başlanılması planlaşdırılır.

Çoxmənzilli binaların istismarına icazələr sadələşdirilir
Mütəxəssislərin fikrincə, Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı bu sahədə inqilabi yenilikdir. Azərbaycanda tikinti bumunun başlamasından sonra bu istiqamətdə genişmiqyaslı işlərin həyata keçirilməsi tikintiyə nəzarətin təmin edilməsində, eləcə də müvafiq icazələrin verilməsi sahəsində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Nəticədə respublika ərazisində, xüsusən də paytaxtda tikintinin başa çatmasına və sakinlərin məskunlaşmalarına baxmayaraq, rəsmi olaraq istismarına icazə verilməmiş kifayət qədər bina var idi. Həmin binaların sakinləri yaşadıqları mənzillərlə bağlı çıxarış sənədləri ala bilmir və bu, onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olurdu. Həmin sakinlər rəsmi olaraq mənzillər üzərində hüquqlara malik deyildilər. Dövlət başçısının bu Fərmanı ilə sözügedən problem öz həllini tapıb.

Mənzil İnşaatı Dövlət Agentliyi öz layihələri ilə sərfəli qiymətə mənzillər təklif edir
Son illər respublikada sosial layihələrə dövlət səviyyəsində xüsusi önəm verilir. Bu faktor inşaat sektorunda özünü daha çox göstərir. Bunu Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən güzəştli mənzil tikintisində də görmək mümkündür.
Strateji Yol Xəritəsinə əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri ölkədə uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradaraq, investisiya mühitinin möhkəmləndirilməsinə və sahibkarlığın inkişafına hədəflənən dövlət siyasətinin həyata keçirilməsinə töhfə verib.
Bununla bağlı paytaxtın Yasamal rayonunun və Hövsan qəsəbəsinin ərazilərində güzəştli mənzil tikintisini misal göstərmək olar. Konkret olaraq, Yasamal rayonunun xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunun ümumi həcmi təqribən 40 milyon manat təşkil edəcək.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlərin məişət problemi həll edilir
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlilləri üçün evlərin verilməsi prosesi də davam etdirilir. Belə ki, ötən il şəhid ailələrinə 626 mənzil verilib, hərbi qulluqçulara verilmiş mənzillərin sayı isə ümumilikdə 1284-ə çatdırılıb. Məcburi köçkünlərin məişət problemləri istiqamətində də məqsədyönlü tədbirlər görülür. Keçən il 5800 ailə yeni mənzillə təmin olunub, həmin mənzillərdən 1000-i “Qobu Park” yaşayış kompleksində inşa edilib. Cari ildə isə təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Bu günə qədər isə 300 min məcburi köçkün yeni evlə təmin olunub.

Yeni məktəb, xəstəxana və bağçalar tikilir
Ölkədə təhsil sahəsi də dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Ötən il ölkədə 140-dan çox məktəbin inşası bunun bariz nümunəsidir. Cari ildə isə 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur.
Bundan başqa, keçən il regionlarda bir çox xəstəxanalar tikilib ki, bu proses bu il də davam etdiriləcək. Eyni zamanda, bu i 10-dək mərkəzi rayon xəstəxanasının açılışı gözlənilir.

Sənaye zonaları, məhəllələr və parklar yaradılıb
Respublikada sənaye zonaları, məhəllələr və parklarının yaradılması üzrə də mütəmadi işlər görülür. Hazırda bu proseslər Sumqayıtda, Gəncədə, Mingəçevirdə və digər şəhər və regionlarda böyük vüsət alıb. Bu il də sənaye zonalarının yaradılması nəzərdə tutulur.
Bircə faktı deyək ki, sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə 5 milyard manatdan çoxdur. Diqqət çəkən məqamlardan biri də odur ki, bu layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb.

Bu il 11 xalça fabrikinin tikintisi planlaşdırılır
Yeni iş yerlərinin yaradılması ilə bağlı layihələr digər sahələrdə də uğurla reallaşdırılıb. Biz bunu respublikada xalçaçılığın inkişafında da aydın görə bilərik.
Son bir neçə ildə Azərbaycanda qədim ənənələri olan xalçaçılıq sənəti sürətlə inkişaf etməyə başlayıb və biz artıq bu gün onun real nəticələrini görürük. Təbii ki, bu inkişafın kökündə ilbəil artan xalça fabriklərinin tikintisi dayanır.
Statistikaya görə, hazırda ölkə üzrə 20 xalça fabriki tikilərək istifadəyə verilib. Bu il isə daha 11 xalça fabrikinin tikintisi planlaşdırılır. Qeyd edildiyi kimi, bütün bunlar həm də 100-lərlə insanın – əsasən də qadınların işlə təmin edilməsi deməkdir.

Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə dünyada 34-cüdür
Ötən il Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. İl ərzində 2 min kilometr avtomobil yolu tikilib, 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Ümumilikdə isə son 15 ildə respublikada 15 min kilometr avtomobil yolu inşa edilib. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Yeri gəlmişkən, cari ilin investisiya proqramında da yol tikintisi üçün vəsait ayrılması nəzərdə tutulub. Bu il təqribən 1000 kilometr uzunluğunda yeni yol tikiləcəyi planlaşdırılır ki, buraya həmçinin kənd və magistral yolların tikintisi daxildir.

Dövlət başçısının həyata keçirdiyi sosial–iqtisadi siyasət, o cümlədən ölkədə sahibkarlığın inkişafı üçün yaradılan şərait beynəlxalq təşkilatlar və aparıcı reytinq agentliklərinin də diqqət mərkəzindədir. Məsələn, Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Həmçinin hesabatda Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Eyni zamanda, respublikamız "Tikinti üçün icazələrin alınması" indikatoru üzrə 100 pillə irəliləyərək ciddi nailiyyətə imza atıb.

Tikinti̇ 2019-04-10 11:56:00