×
A
A
A
Sazlamalar

Kişineuda “Mədəniyyətlərarası dialoq və Azərbaycan-İspaniya-Moldova əlaqələri” adlı tədbir keçirilıb

Bakı, 8 aprel, AZƏRTAC 

Kişineu şəhərində, Migel de Servantes adına ispan-rumın liseyində “Mədəniyyətlərarası dialoq və Azərbaycan-İspaniya-Moldova əlaqələri” adlı tədbir keçirilıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Mahir Qurbanov və Mətanət Qarabağlının liseylə birgə əməkdaşlığı əsasında baş tutub. Məqsəd Azərbaycan həqiqətlərini, ölkəmizin qədim tarixini və zəngin mədəniyyətini Moldovada yaşayan ispandilli cəmiyyətə, eləcə də ispandilli dövlətlərin bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinə ispan dilində çatdırmaq və Vətənimizi təmsil etmək olub.
Azərbaycanın və Moldovanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən liseyin direktoru Rodica Postu iki ölkə arasındakı dostluq əlaqələri barədə danışıb.
Azərbaycanı təmsil edən layihə rəhbəri Mahir Qurbanov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan naminə gördüyü işlər, Qarabağ həqiqətləri və Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi-sosial islahatlar haqqında çıxış edib.
Layihənin əlaqələndiricisi Mətanət Qarabağlı isə diqqəti Azərbaycanda inkişaf edən turizm, təhsil, media və digər sahələrə yönəldib. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi çox önəmlidir.
İspaniya-Azərbaycan əlaqələrinin inkişafından söz açan AECİD proqramının nümayəndəsi Guillermo Penades Rubio İspaniyada təhsil imkanları və tələbə mübadiləsi proqramları haqqında məlumat verib. Migel de Servantes adına ispan-rumın liseyinin ispan dili müəllimi Leonid Coval isə deyib ki, Azərbaycan Qafqazda çox vacib ölkədir.
Sonra Azərbaycandan bəhs edən videoçarx nümayiş etdirilib. Azərbaycandakı Fran Rivera tədris mərkəzi və Migel de Servantes liseyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tədbir lisey tələbələrinin konsert proqramı ilə davam edib.
Daha sonra Mahir Qurbanov və Mətanət Qarabağlı Moldova parlamentində deputatlarla görüşlər keçiriblər. Deputat Lilian Carp
azərbaycanlı qonaqlara parlamentin fəaliyyəti barədə məlumat verib. Həmçinin səfər zamanı Moldovada yaşayan həmvətənlərimizlə də görüş keçirilib.

Diaspor 2019-04-08 15:12:00