Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mərakeş və Mavritaniya mətbuatında Azərbaycanlıların Soyqırımı Günü barədə məqalələr dərc edilib

Rabat, 4 aprel, AZƏRTAC
Mavritaniya İslam Respublikasının “Vətən Xəbərləri”, “Huriya Media” və “Əl-Yəqin” qəzetlərində Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanovun müəllifliyi ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” sərlövhəli məqalə və Mərakeşin “Cisr Press” xəbərlər portalında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib.
Məqalələrdə qeyd edilir ki, Azərbaycan xalqı hər il 31 mart tarixində 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətin qurbanlarını yad edir.
Erməni-daşnak və bolşevik dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı Bakı, Gəncə, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul və digər şəhərlərdə dini və etnik mənsubiyyətə görə törədilmiş kütləvi qırğınlar nəticəsində 50 mindən çox insan qətlə yetirilib. Bununla yanaşı, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
Yazılarda bildirilir ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımının dəhşətləri 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın tapılması ilə aşkar olunub. Əldə olunan maddi sübutlar və sənədlər sübuta yetirir ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni daşnaklarının törətdiyi qanlı aksiyaların miqyası daha geniş olub.
Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlət başçısının iştirakı ilə kompleksin açılışı olub.
Diqqətə çatdırılır ki, kompleksdə Bakı, Göyçay, Şamaxı və Bakı ətraflarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər nümayiş etdirilir.
Erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı törədikləri soyqırımı və məqsədli deportasiya siyasəti Azərbaycan tarixində ağrılı səhifədir.
1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı insan hüquqlarının pozulması əməlləri, etnik təmizləmələr və deportasiyalar həyata keçirilib. 1988-ci ildə başlanılmış təcavüzkar siyasəti nəticəsində Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yeddi rayonu zəbt etməklə Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Etnik təmizləmə nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Məqalələrdə vurğulanır ki, bu əməllər yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Hər bir vandalizm, separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilməlidir.
Yazılarda beynəlxalq təşkilatlar ikili standartlar tətbiq edilmədən Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırılır. İnamla vurğulanır ki, ədalət tezliklə bərpa ediləcək, bu dəhşətli cinayətə soyqırımı aktı kimi beynəlxalq hüquqi qiymət veriləcək, günahkarlar cəzalandırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bir milyondan artıq Azərbaycan vətəndaşı öz evlərinə qayıdacaq və əsir düşən azərbaycanlılar azad olunacaqdır.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

31 mart 2019-04-04 11:49:00