×
A
A
A
Sazlamalar

Xətai rayonunda 2 küçə təmir edilib, daha 3 küçədə işlər aparılır VİDEO

Bakı, 2 aprel, AZƏRTAC
Paytaxtın Xətai rayonunda 2 küçə təmir olunub, daha 3 küçədə işlər davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, rayonda kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobuslarının hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.
İlin əvvəlindən rayon üzrə başlanılan təmir-tikinti işləri çərçivəsində 2 kilometr uzunluğa malik 2 küçənin 40 min kvadratmetrdən çox sahəsində təmir-tikinti işləri yekunlaşdırılıb. Bu, uzunluğu 0,8 kilometr, köməkçi yolları ilə bərabər ümumi eni 44 metr olan Neapol küçəsi və 1,2 kilometr uzunluğunda, 6 metr enində olan “NZS” qəsəbəsinin Levanovski küçəsidir. Həmin küçələr boyu asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, mövcud piyada səkiləri bərpa edilib, yolayrıcı inşa olunub.
Hazırda təmir-tikinti işləri rayon üzrə ümumi uzunluğu 5,2 kilometr olan 3 küçədə davam etdirilir. Bu, 3,2 kilometr uzunluğa, 19 metr enə malik Mehmandarov küçəsi, həmçinin “NZS” qəsəbəsinin 900 metr uzunluğunda olan Aşıq Qurban və 1,1 kilometr uzunluğa malik Mingəçevir küçələridir.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonunda digər küçə və yollarda da işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində təqribən 8 kilometr uzunluğa malik 6 küçənin 90 min kvadratmetr sahəsində təmir-tikinti işlərinə başlanılacaq. Bu isə “NZS” qəsəbəsində 2 kilometr uzunluğu olan Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri, Əhmədli qəsəbəsində 3 kilometr uzunluğa malik Şahin Səmədov, “7-ci qəsəbə küçəsi” və Aşıq Ələsgər küçələri, həmçinin 2,8 kilometr uzunluğunda olan Naximov küçələridir.
Təmiri aparılan və nəzərdə tutulan küçələr Xətai rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

Tikinti̇ 2019-04-02 15:08:00

Video