×
A
A
A
Sazlamalar

31 mart soyqırımı qurbanlarının xatirəsi Aşqabadda yad edilib

Aşqabad, 1 aprel, АZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Həsən Zeynalov 31 mart soyqırımının tarixi haqqında danışıb. XIX əsrin əvvəlində imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan torpaqlarının bölünməsinin əsasını qoyduğunu bildirən səfir Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi soyqırımının həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin öz havadarlarının himayəsi ilə “böyük Ermənistan” ideyasını təbliğ etməyə başladıqlarını deyən səfir bundan ruhlanan erməni qəsbkarlarının 1918-ci ildə azərbaycanlılara qarşı misilsiz qanlı aksiyalar həyata keçirdiklərini bildirib. Ermənilərin vəhşiliklərinin Azərbaycanı, eləcə də indiki Ermənistan ərazisindəki Azərbaycan şəhər və kəndlərini, Şərqi Anadolunu əhatə etdiyini diqqətə çatdıran diplomat ermənilərin 1918-ci ilin mart ayından Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən planlarını həyata keçirməyə başladıqlarını vurğulayıb.
Həsən Zeynalov baş verənlərin Azərbaycan xalqının müstəqillik əzmini sındırmağa, eləcə də Azərbaycan torpaqlarının etnik təmizlənməsinə xidmət etdiyini bildirərək, bu soyqırımında minlərlə yaşayış məntəqəsinin məhv edildiyini, yüz minlərlə mülki azərbaycanlının öldürüldüyünü diqqətə çatdırıb. Lakin baş verənlərin nə qədər ağır olmasına baxmayaraq, xalqımızın iradəsini qıra bilmədiyini qeyd edən səfir bu qırğından cəmi iki ay sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib.
Səfir azərbaycanlıların soyqırımına yalnız 1998-ci ildə Prezident Heydər Əliyevin imzaladığı Sərəncamla siyasi-hüquqi qiymət verildiyini, 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini diqqətə çatdırıb. O, keçən il Prezident İlham Əliyevin 1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzaladığını da qeyd edib.
Tədbirdə digər çıxış edənlər 31 mart soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlardan sonra iştirakçılar azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli filmə baxıblar.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

31 mart 2019-04-01 18:54:00