×
A
A
A
Sazlamalar

Yulaf qaraciyəri alkoqolun fəsadlarından qorumağa kömək edir

Bakı, 1 aprel, AZƏRTAC

Hindistanlı alimlər yulafın qaraciyəri alkoqolun fəsadlarından qoruyan təbii vasitə olduğunu təsdiqləyirlər.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, Dehli Universitetindən olan mütəxəssislər yulafın qaraciyərə münasibətdə sağlamlaşdırıcı xassələrini aşkar ediblər. Onlar müəyyən ediblər ki, yulaf sıyığından istifadə qaraciyəri alkoqol qəbulu nəticəsində əmələ gələn zədələrdən qoruya bilər.
Yulafın gepatoprotektor xüsusiyyəti laborator siçanlar üzərində aparılan eksperimentlərdə özünü göstərib. Gəmiricilərə 12 gün ərzində 125 mq və 250 mq miqdarında yulaf verilib. Daha sonra siçanlara qaraciyərin zədələnməsini süni surətdə törətmək məqsədilə 50 faizli etanol məhlulu dozası yeridilib.
Sonrakı müşahidələr göstərib ki, alkoqollaşdırma dövründən əvvəl yulaf qəbul edən siçanların qaraciyəri daha az zədələnib. Bununla yanaşı, mütəxəssislərin sözlərinə görə, qaraciyərin kəskin alkoqol təsirinin zədələrindən müdafiəsini təmin edən mexanizmlər hələ onlara aydın deyil. Qabaqcadan aparılan tədqiqatlar nümayiş etdirib ki, yulaf sıyığı qaraciyər tərəfindən ifraz olunan zəhərli maddələrin hopmasına maneçilik törədir, bu isə qaraciyərin fəaliyyətini sabitləşdirməyə imkan verir.
Layihənin müəllifləri yulafdan istifadənin ürək-damar xəstəlikləri, şəkərli diabet və mədə-bağırsaq traktı problemlərinin inkişaf riskinin azalmasına da kömək edəcəyini bildirirlər.

Sağlamlıq klubu 2019-04-01 17:20:00