×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri “Bengü Türk” kanalında 31 mart soyqırımından bəhs edib

Ankara, 1 aprel, AZƏRTAC

Türkiyədə fəaliyyət göstərən “Bengü Türk” televiziya kanalı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xüsusi veriliş yayımlayıb.
AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı verilişdə çıxış edərək Ermənistan silahlı birləşmələrinin XX əsrin əvvəllərindən başlayaraq Anadoluda və Qafqazda törətdikləri tarixi cinayətlərdən, ermənilərin məkrli məqsədlərindən, bu prosesin qarşısının alınması istiqamətində görülən tədbirlərdən bəhs edib.
Tanınmış telejurnalist Şəlalə Ağaşirinova tərəfindən hazırlanan verilişdə 1918-ci ilin mart hadisələrini əks etdirən kadrlardan geniş istifadə olunub.
Verilişdə ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanın, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin bu məsələ ilə bağlı yaratdığı Fövqəladə Tədqiqat Komissiyasının tarixi əhəmiyyəti, qarşıya qoyulan vəzifələr barədə tamaşaçılara məlumat verilib. Diqqətə çatdırılıb ki, “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın mətnində qeyd olunan faktlar erməni təcavüzkarlığına qarşı fəaliyyət proqramıdır.
Veriliş “Bengü Türk” televiziya kanalı tərəfindən YouTube-da da yerləşdirilib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2019-04-01 15:44:00