×
A
A
A
Sazlamalar

Küveyt qəzetlərində Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən məqalələr dərc olunub

Bakı, 1aprel, AZƏRTAC

Küveytdə gündəlik ərəb dilində nəşr edilən “Əl-Nahar” qəzetinin 31 mart tarixli nömrəsində “Azərbaycanın Küveytdəki səfirliyi azərbaycanlıların ermənilər tərəfindən törədilmiş soyqırımının il dönümünü qeyd edir”, “Əl-Vasat” qəzetinin 31 mart tarixli buraxılışında “Azərbaycan səfirliyi soyqırımın ildönümünü qeyd edir.... dəhşətli faciə və ağrılı mərhələ” sərlövhəli məqalələr və eyni zamanda, Küveytin “Dasmannews” elektron qəzetinin 31 mart tarixli buraxılışında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq səfirliyin pres-relizi dərc edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məlumatlarda ermənilər tərəfindən 1918-ci il mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı törədildiyi, Azərbaycan xalqının məruz qaldığı qanlı faciələr sırasında bu soyqırımın özünün ağır və dəhşətli nəticələri ilə seçildiyi, Azərbaycanda hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu bildirilir. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin azərbaycanlıların öz tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə mifik "Böyük Ermənistan" dövlətinin yaratmaq məqsədini güddüyü, XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsinin köçürüldüyü, Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyduğu bildirilir. Azərbaycan xalqının həmin milli faciəsinin davamı kimi onun torpaqlarının zəbt olunmasına başlanıldığı, qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək çar Rusiyasının himayəsi ilə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinin həyata keçirildiyi, əhalinin fiziki cəhətdən məhv edilməsinin Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyi, XX əsrin əvvəllərində "Daşnaksütyun" kimi erməni millətçi partiyasının və erməni milli konqresinin fəaliyyətindən və fanatik kütlələri qatı millətçi ideyalar ətrafında birləşdirməsindən sonra bu prosesin daha da sürətləndiyi diqqətə çatdırılır.
Yazılarda, həmçinin 1918-ci ilin martından etibarən Qafqazın Fövqəladə Komissarı Stepan Şaumyanın rəhbərliyi ilə, erməni qəsbkarlarının azərbaycanlılara qarşı həyata keçirdikləri Bakıdan başlanan və bütün Azərbaycanı, habelə indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edən genişmiqyaslı qanlı aksiyalar nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyi, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi bildirilir. Martın 30-da erməni-bolşevik birləşmələrinin Bakı şəhərini gəmilərdən atəşə tutduqları, sonra silahlı erməni daşnakların azərbaycanlıların evlərinə basqın edərək onlara qarşı etnik mənsubiyyətlərinə görə amansız qətliam həyata keçirdikləri, bu dövr ərzində erməni-daşnak birləşmələrinin Bakı şəhərində və ətrafında 30.000-dən artıq günahsız insanı qətlə yetirdikləri, azərbaycanlılara qarşı törədilən soyqırımın Bakı ilə məhdudlaşmadığı, qısa zaman ərzində ermənilərin Quba, Şamaxı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törətdikləri, 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən çox insanın öldürüldüyü, Quba rayonu ərazisində aşkar olunmuş kütləvi məzarlığın ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutu olduğu, 1918-ci il mart qırğınlarının azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət olduğu qeyd edilir.
Eyni zamanda, 1917-1918-ci illərdə ermənilərin öz iddialarını həyata keçirmək məqsədilə minlərlə azərbaycanlını qətlə yetirdikləri, tarixi abidələri, məscidləri, məktəbləri və xəstəxanaları yandırdıqları qeyd edilib. Yalnız Qarabağda 150-dən çox, Zəngəzur qəzasında 109, İrəvan quberniyasında 197 Azərbaycan kəndinin dağıdıldığı və talan edildiyi, Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı rayonunda isə 18 mindən çox azərbaycanlının qətlə yetirildiyi qeyd olunur.
Həmçinin ermənilər tərəfindən 1905-1906-cı illərdə də Azərbaycanın 200 mindən çox dinc əhalisinin qətlə yetirildiyi, Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur, Şuşa, Cəbrayıl və digər şəhərlərdə yaşayan soydaşlarımız amansızcasına öldürülərək, şəhər, kənd və küçələrinin dağıdılıb və yandırıldığı, 200-dən çox yaşayış məntəqəsinin məhv edildiyi, on minlərlə soydaşımızın öz doğma yurdlarından didərgin düşdüyü, azərbaycanlılara qarşı 1905-1907, 1918-1920-ci illərdə soyqırımlar və etnik təmizləmə siyasətinin əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət olduğu oxucuların diqqətinə çatdırılır.
1918-ci ilin mart hadisələrinin Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra diqqət mərkəzində olduğu, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradıldığı, lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu prosesin dayandırıldığı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısının alındığı, Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyi bildirilir.
Məqalələrdə 1989-cu ildən 1993-cü ilədək Ermənistanın Azərbaycana qarşı müharibəyə başlayaraq və ölkəmizin 20 faiz ərazilərini işğal etdiyi, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirərək, çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, soyqırımı törətdikləri, erməni təcavüzkarlarının işğalı altında olan Azərbaycan ərazilərində bir çox məscidlərin, tarixi memarlıq və müsəlman dini abidələrinin məhv edildiyi, bir çox dost və qardaş ölkələrin Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədiyi, münaqişə ilə bağlı BMT və İslam Əməkdaşlıq Təşkilatının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərarların qəbul edildiyi oxucuların diqqətinə çatdırılır.

31 mart 2019-04-01 15:31:00