×
A
A
A
Sazlamalar

DSX-nin hərbi hissə və bölmələrində 31 mart soyqırımının 101 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

Bakı, 1 aprel, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Aparatında, Sahil Mühafizəsində, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində keçirilən tədbirlərdə Azərbaycanlılara qarşı soyqırımı siyasətinin erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirildiyi vurğulanıb.
Tədbirlərdə çıxış edən Milli Məclisinin deputatı Fəzail İbrahimli və Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov bu siyasətin mahiyyətinin azərbaycanlıları doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olduğunu bildiriblər. Müxtəlif dövrlərdə böyük dövlətlərin müəyyən dairələrinin təhriki ilə yeridilən bu siyasətin əsas məqsədinin tarixi faktları və arxiv sənədlərini saxtalaşdırmaqla, dezinformasiya xarakterli məlumatlar yaymaq və psixoloji-informasiya metodlarından istifadə edərək dünyada ictimai fikrinə təsir etməkdən ibarət olması, məqsədlərinə nail olmaq üçün erməni millətçiləri ayrı-ayrı ölkələrin ərazilərində erməni diasporunun və lobbisinin imkanlarından geniş istifadə edərək ideoloji, separatçı və terrorçu təşkilatlar yaratdıqları bildirilib.
Tədbirlərdə 1918-ci il martın son iki günündə erməni-bolşevik birləşmələri gəmilərdən və təyyarələrdən Bakının müsəlmanlar yaşayan hissələrini bombardman etmələri, silahlı daşnakların evlərə soxularaq 17 minə qədər dinc azərbaycanlını, o cümlədən qadınları, körpələri və qocaları misli görünməmiş vəhşiliklə qətlə yetirdikləri, Bakı qırğını ilə kifayətlənməyən ermənilərin Naxçıvanda, Şamaxıda, Lənkəranda, Qubada, Xaçmazda, Ağsuda dəhşətli qətllər törətdikləri, yüzlərlə kəndi yerlə—yeksan etdikləri qeyd olunub.
Ermənilər tərəfindən törədilmiş çoxsaylı soyqırımı hadisələrinin mərhələlərlə şərh olunduğu tədbirlərdə vurğulanıb ki, bu vəhşiliklərin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs ulu öndər Heydər Əliyev tərəfindən edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi Azərbaycan xalqının əsrlərboyu üzləşdiyi məhrumiyyətlərə verilən əsl tarixi qiymət olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan həqiqətlərinin, o cümlədən erməni şovinistləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi qoyub.
Tədbirlərdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

31 mart 2019-04-01 14:15:00