Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Belqradda keçirilən anım tədbirində ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən danışılıb

Belqrad, 1 aprel, AZƏRTAC

Azərbaycanın Serbiyadakı səfirliyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
Tədbirdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən bəhs edilib. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni silahlılarının törətdikləri vəhşiliklər, Xocalı soyqırımı, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması ilə bağlı məlumat verilib. Vurğulanıb ki, bütün bunlar Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətini qeyd edib, bu sənədin xalqımızın milli şüurunun oyanmasında mühüm rol oynadığını bildiriblər.
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat məlumatı Serbiyanın dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, Belqradda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

31 mart 2019-04-01 13:39:00