×
A
A
A
Sazlamalar

İsmayıllıda “Soyqırımı - Ana harayı” abidəsinin önündə anım mərasimi

İsmayıllı, 1 aprel, AZƏRTAC 

İsmayıllıda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə “Soyqırımı – Ana harayı” abidəsinin önündə rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə abidənin qarşısına çiçəklər düzülüb, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub.
Mərasimdə rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Veteranlar Şurasının sədri, istefada olan polkovnik Əlaləm Babayev, Tircan kənd tam orta məktəbin tarix müəllimi Gülyanaq Əliyeva, gənc müəllim Ülvi Şamilov və Hacıhətəmli kənd tam orta məktəbin müəllimi Vəfa Sadıqova çıxış edərək, xalqımıza qarşı zaman-zaman törədilən qanlı faciələrdən, bu faciələrin acı nəticələrindən danışıblar. Çıxışlarda 31 mart hadisələri ilə bağlı konkret tarixi faktlar bir daha diqqətə çatdırılıb. Qeyd edilib ki, 1918-ci il mart soyqırımı zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı fövqəladə komissiya təkcə indiki İsmayıllının Şamaxı qəzasına daxil olan Tircan, Mücü, Bizlan, Tağlabiyan, Sulut, Xankəndi, Kürdüvan, Zeyvə, Qıçatan, Sərdahar, Zərnava kəndlərində 1010 nəfərin qətlə yetirildiyini təsdiq edib. Fövqəladə komissiyanın tədqiq edə bilmədiyi Hacıhətəmli - Mollaisaqlı zonasında da kütləvi qırğınlar baş verib. Qafqaz İslam Ordusu burada ermənilərin müqavimətini qırıb, onları geri çəkilməyə məcbur edib. Həmin ərazidə iki türk əsgərinin məzarı ziyarət yerinə çevrilib.
Vurğulanıb ki, xalqımıza qarşı törədilən soyqırımı hadisələrinin daha dərindən araşdırılması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər bundan sonra da davam etdirilməlidir.

Regionlar 2019-04-01 12:43:00