Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

31 mart soyqırımının ildönümü Küveytdə bir sıra tədbirlərlə qeyd olunub

Bakı, 1 aprel, AZƏRTAC
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilib. Səfirliyin ərəb dilində hazırlanmış pres-relizi Küveyt Xarici İşlər Nazirliyi ilə yanaşı, digər dövlət, hökumət qurumlarına, Millət Məclisinə (parlament), ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib. Həmçinin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatı Küveytin parlamentinə, Xarici İşlər Nazirliyinə, digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Martın 31-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində bu ölkədə yaşayan və işləyən, təhsil alan vətəndaşlarımızın, Türkiyə və digər ölkələrin diaspor təşkilatlarının nümayəndələrinin, Küveyt vətəndaşlarının iştirakı ilə 31 mart soyqırımına həsr olunan anım mərasimi keçirilib. Soyqırımı qurbanlarının, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra anım mərasimində 1917-ci ilin oktyabr inqilabından sonra bolşeviklərin Bakıda hakimiyyəti ələ keçirdikləri, “Daşnaksutyun” partiyası ilə müttəfiqlik şəraitində yerli vəziyyətə nəzarəti gücləndirməyə çalışdıqları və Rusiya bolşeviklərinin rəhbəri Vladimir Leninin etnik erməni olan Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdiyi qeyd olunub, mart qırğınları ərəfəsində Bakı Soveti və “Daşnaksutyun” partiyasının əks-inqilabçı elementlərə qarşı mübarizə bəhanəsi altında Bakı və ətraf ərazilər boyunca azərbaycanlıları məhv etmək planının hazırlandığı diqqətə çatdırılıb.
Azərbaycanlılara qarşı qırğınlarda Bakı sovetinin 6 min və “Daşnaksutyun” partiyasının 4 min silahlı əsgərinin iştirak etdiyi bildirilib. Martın 30-da erməni-bolşevik birləşmələrinin Bakı şəhərini gəmilərdən atəşə tutduqları, sonra silahlı erməni daşnakların yalnız etnik mənsubiyyətlərinə görə azərbaycanlıların evlərinə basqın edərək onlara qarşı amansız qətliam həyata keçirdikləri, bu dövrdə erməni-daşnak birləşmələrinin Bakı şəhərində və ətrafında 20 mindən çox günahsız insanı qətlə yetirdikləri, azərbaycanlılara qarşı törədilən soyqırımının Bakı ilə məhdudlaşmadığı, qısa zaman ərzində ermənilərin Quba, Şamaxı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törətdikləri bildirilib. 1918-ci il mart qırğınlarının azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanan və qəddarcasına həyata keçirilən siyasət olduğu qeyd edilib.
Həmçinin 1918-ci ilin mart hadisələrinin Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra diqqət mərkəzində olduğu, azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə Cümhuriyyət tərəfindən 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradıldığı, bu komissiyada ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər də olmaqla müxtəlif millətlərin və həmin dövrün ən yaxşı hüquqşünasların təmsil olunduğu diqqətə çatdırılıb. Sübutlar əsasında Fövqəladə İstintaq Komissiyası tərəfindən 128 hesabat və layihə hazırlanaraq, dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işinin qaldırıldığı, törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfərin həbs olunduğu bildirilib, Cümhuriyyətin süqutundan sonra bu prosesin dayandırıldığı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısının alındığı qeyd olunub.
Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyi və 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi bildirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş bu qərarın soyqırımı qurbanlarının xatirəsinin anılması üçün əhəmiyyətli bir qərar olduğu, şəhidlərin xatirəsinin və göstərdikləri qəhrəmanlıqların əbədiləşdirilməsi üçün vacib bir addım olduğu qeyd edilib.
Daha sonra mərasim iştirakçıları azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli filmə baxıblar. Səfirliyin ərəb dilində pres-relizi və Ombudsman Elmira Süleymanovanın 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatı iştirakçılara təqdim olunub. Həmçinin iştirakçılar sözügedən soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostend ilə tanış olublar.

31 mart 2019-04-01 11:36:00