×
A
A
A
Sazlamalar

“Türk şəhidliyi” abidəsini ziyarət

Abşeron, 31 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Martın 31-də Abşeron rayonun Digah qəsəbə qəbiristanlığında naməlum türk əsgərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsinin önündə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, erməni daşnaklarına qarşı Azərbaycan oğulları ilə birgə Qafqaz İslam Ordusu da mübarizə aparıb və düşməni məğlub ediblər. Bu döyüşlərdə türk əsgərləri də şəhid olub və onlardan 9-u Digah qəbiristanlığında dəfn edilib. Şəhidlərin uyuduğu məkanda “Türk şəhidliyi” abidəsi inşa edilib.
Anım tədbirində 1918-ci il soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçıları Digah qəsəbəsinin ən hündür nöqtəsində yerləşən abidəni və orada uyan türk şəhidlərin məzarlarını ziyarət edib, önünə güllər düzüblər.
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək bildirib ki, 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar və vandalizm aktları törədilib. Əsrlərboyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilib deyən rayon rəhbəri azərbaycanlıların məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirildiyini, mədəniyyət abidələri, tarixi binalar və məscidlərin dağıdıldığını vurğulayıb. İcra başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalandığı və 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi C.Günəş deyib ki, Azərbaycanla Türkiyəni bir çox tarixi köklər bağlayır. Onların düşmənə qarşı birgə mübarizə aparması da bunun bariz nümunəsidir. Qafqaz İslam Ordusu ilə Azərbaycana gələn 1130 türk əsgərinin şəhid olduğunu vurğulayan diplomat Digah qəbiristanlığında ucaldılan abidəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.

Regionlar 2019-03-31 19:24:00