×
A
A
A
Sazlamalar

Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Sumqayıt, 31 mart, AZƏRTAC
Abşeron rayonu Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və incəsənət məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə soyqırımının dəhşətlərini əks etdirən fotosərgiyə baxıblar.
Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Uşaq incəsənət məktəbinin direktoru Nəcibə Zeynalova tədbirdə çıxış edərək son iki əsrdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı planlı şəkildə törətdikləri genişmiqyaslı soyqırımı siyasətindən danışıb. Bildirib ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə günahsız soydaşlarımız qətlə yetirilib. Soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhaliyə kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı da tarixin qaranlıq səhifələrindən biridir.
Anım tədbirində bu soyqırımına ilk siyasi qiymətin xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Sonda məktəbin şagirdlərinin iştirakı ilə ədəbi–bədii kompozisiya təqdim olunub.

31 mart 2019-03-31 15:19:00