Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dövlət Təhlükəsizliyi Xidmətində 1918-ci il azərbaycanlıların soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib

Bakı, 30 mart, AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 1918-ci il azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin struktur bölmələrində keçirilən anım tədbirlərində tariximizin ən faciəli səhifələrindən olan mart soyqırımından, eləcə də erməni millətçilərinin və terrorçu-daşnak qüvvələrinin xalqımıza qarşı ardıcıllıqla, amansızlıqla törətdikləri digər dəhşətli qətliamlardan danışılıb.
Çıxışlarda qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. Artıq 21 ildir ki, 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı dövlət səviyyəsində anım tədbirləri keçirilir. Vurğulanıb ki, erməni millətçilərinin, daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən əsrin əvvəllərində xalqımıza qarşı törətdikləri insanlıq əleyhinə cinayətlər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması üçün Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Bəşər tarixinin ən qanlı və faciəli hadisələrindən olan, 1918-ci il martın 31-dən aprelin 3-dək davam edən soyqırımı nəticəsində Azərbaycanda on minlərlə azərbaycanlı, ləzgi, yəhudi, rus və digər millətə mənsub şəxslər, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni-daşnak silahlı birləşmələri və terrorçu təşkilatlar tərəfindən qəddarlıqla, vəhşicəsinə qətlə yetirilib, çoxlu sayda insan itkin düşüb, minlərlə yaşayış məntəqəsi, kəndlər, evlər, məscidlər, məktəb binaları yandırılaraq dağıdılıb.
Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və silahlı separatçılıq siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü diplomatiya və hücum taktikası sayəsində ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olub.
Sonda Azərbaycan xalqının və dövlətinin soyqırımı qurbanlarının xatirəsini daim əziz tutduğu, bu qanlı hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv münasibətin bildirilməsi, erməni faşizmi və vandalizminin tam çılpaqlığı ilə dünyaya tanıdılması istiqamətində bütün vətənpərvərlərin səylərinin birləşdirilməsi və daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

31 mart 2019-03-30 20:27:00