×
A
A
A
Sazlamalar

Daxili İşlər Nazirliyində 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da Daxili İşlər Nazirliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov deyib ki, erməni millətçilərinin Qafqazda törətdikləri kütləvi qırğınlar və soyqırımı siyasəti onların nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləmək istəklərinə əsaslanıb. Bu mənfur niyyəti reallaşdırmanın yolu isə soyqırımı, qanlı talan və deportasiya siyasətindən keçib. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli qırğınlar, həmvətənlərimizin kütləvi şəkildə, amansızlıqla qətliamlara məruz qalmaları ermənilərin Qafqazda məskunlaşmaları üçün açar rolunu oynayıb.
O.Zalov bildirib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Erməni məkrinin tarixi faktların dili ilə ifşa edildiyi həmin Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da mühüm sənəddir, gələcəkdə xalqımızın bənzər faciələrlə qarşılaşmaması üçün Ulu Öndərin müəyyən etdiyi proqramdır.
Qeyd edilib ki, Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daşnak-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə ötən il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi olduğunu deyən nazir müavini vurğulayıb ki, mənfur qonşularımız ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər, yüz minlərlə insanı amansızlıqla qətlə yetiriblər.
Bildirilib ki, ölkə rəhbərinin yürütdüyü uğurlu, məqsədyönlü, ardıcıl daxili və xarici siyasət nəticəsində artıq dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini müdafiə edir, mötəbər beynəlxalq və regional infrastruktur layihələrdən tamamilə təcrid olunan, siyasi-iqtisadi, demoqrafik böhranla üzləşmiş Ermənistanı işğalçı ölkə kimi tanıyır.
Anım mərasimində iştirak edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov erməni millətçilərinin və onların havadarlarının törətdikləri soyqırımı siyasətinin müasir dövrdə də davam etdirildiyini, nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini, bu barədə real faktların, əsl tarixi gerçəkliklərin sovet hakimiyyəti dönəmində uzun müddət təhrif olunduğunu, gizlədildiyini diqqətə çatdırıb. A.İsgəndərov xüsusən, ötən əsrin əvvəllərindən başlayaraq, imperiya qüvvələrinin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyini, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, türk hərbçilərinin qardaşlıq yardımı ilə Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyulub.

Sosial 2019-03-30 18:54:00