×
A
A
A
Sazlamalar

Soyqırımı qurbanlarının xatirəsi Qarabağ bölgəsində ehtiramla yad edilib

Ağdam, 30 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
31 mart - Azərbaycanlıların Soyqırımı Günü respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsində də müxtəlif tədbirlərlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bölgəni əhatə edən rayonlarda anım mərasimləri, sərgilər keçirilib, soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb.

Bərdə
Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, idarə və müəssisələrin məsul işçiləri, hərbçilər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra soyqırımı qurbanlarına həsr edilmiş videoçarx göstərilib.
Rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbirdə çıxış edərək, 1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlar barədə məlumat verib. Bildirilib ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalıb. Azərbaycanlılar əsrlərboyu yaşadıqları tarixi torpaqlarından didərgin salınıb. İndi Ermənistan adlandırılan həmin ərazilərdə xalqımıza məxsus tarixi-mədəni abidələr dağıdılıb. Təkcə ötən əsrdə erməni vandalları tərəfindən Azərbaycanlılara qarşı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) etnik təmizlənmə və deportasiya, soyqırımı həyata keçirilib.
Qeyd olunub ki, uzun illər ərzində bu acı həqiqətlər dünya ictimaiyyətinə çatdırılmayıb və erməni vəhşiliyinə siyasi qiymət verilməyib. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirildi. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verildi. Hazırda Heydər Əliyev Fondu tərəfindən 31 mart azərbaycanlıların soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm işlər görülür.
Tədbirdə 1948-1951-ci illərdə Ermənistandan deportasiya olunmuş sakinlər çıxış edərək, həmin dövrdə yaşadıqları çətinlikləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Ağdam
Ağdam rayon ictimaiyyətinin nümayəndələrinin, ziyalıların, Qarabağ müharibəsi veteranlarının iştirakı ilə 135 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Baharlı kənd tam orta məktəbin direktoru Fəqani Səfərov və başqaları çıxış edərək, XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslərdən, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışıblar. Bildirilib ki, əsrlərboyu Azərbaycanın qədim torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan erməni millətçiləri bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atıb, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər törədiblər. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında və aprelin əvvəlində Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar həyata keçirib, on minlərlə soydaşımızı qətlə yetiriblər.
Tədbirdə məktəblilər soyqırımı ilə bağlı şeirlər söyləyiblər.

Ağcabədi
Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında Azərbaycanlıların soyqırımı günü münasibətilə ümumrayon anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları, N saylı hərbi hissənin zabit və əsgərləri abidə kompleksinin önünə tər çiçəklər düzüblər. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub.

Beyləqan
31 mart - Azərbaycanlıların Soyqırımı Günü Beyləqanda silsilə tədbirlərlə qeyd edilib. Martın 30-da rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, əmək kollektivləri Beyləqan şəhərindəki “Azərbaycanlıların soyqırımı” abidə-kompleksi önündə gül dəstələri qoyaraq, soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə əvvəlcə Azərbaycanlıların soyqırımından bəhs edən film nümayiş olunub. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, tarix müəllimləri Nadir Abdullayev, İlhamə Məmmədova və digər çıxış edənlər 1918-ci ildə ermənilər tərəfindən törədilən kütləvi qırğınlardan danışıb, mart hadisələri zamanı baş verənləri bəşəri cinayət adlandırıblar. Bildirilib ki, ermənilərin törətdikləri bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə edilməli, xüsusən gənclər bu işdə fəallıq göstərməlidirlər.

Füzuli
Soyqırımı qurbanlarının xatirəsi Füzuli rayonunda müxtəlif tədbirlərlə yad edilib. Martın 30-da Horadizdə keçirilən ümumrayon tədbirində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları 31 mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər çiçək dəstələri düzüblər. Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Laçın
Laçınlı məcburi köçkünlər soyqırımı qurbanlarının xatirəsini müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində anıblar. Rayon ictimaiyyətinin nümayəndələri qəsəbədə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi”ni ziyarət edərək, soyqırımı qurbanlarının xatirəsini yad edib, abidə önünə tər gül dəstələri düzüblər.
Çıxış edənlər azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğın və deportasiya siyasətindən, 1918-ci il martın sonu – aprelin əvvəllərində ermənilər tərəfindən törədilən kütləvi qırğınlardan bəhs edib, bu hadisələrin səbəbkarlarına hiddət və nifrətlərini bildiriblər.

31 mart 2019-03-30 18:31:00