×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti hər bir problemə münasibətdə konseptual yanaşma nümayiş etdirir

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan dövləti həmişə öz vətəndaşlarının yanındadır. Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın nəticəsində zərər çəkmiş sahibkarlara münasibətdə bunun bir daha şahidi olduq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisəyə dərhal redaksiya verdi və bununla bağlı operativ müşavirə keçirdi. Dövlətimizin başçısı yanğının səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması, həmçinin zərərçəkən sahibkarlara dövlət dəstəyi göstərilməsi barədə tapşırıqlar verdi. Növbəti addım olaraq Prezident ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması haqqında Sərəncam imzaladı. Bunun ardınca dövlətimizin başçısı yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat vəsait ayırdı. Zərər çəkmiş sahibkarlara aprelin ilk həftəsindən etibarən maddi yardım göstəriləcək. Bundan başqa, onlara uzunmüddətli güzəştli kreditlər veriləcək, sahibkarlar istəklərinə uyğun olaraq digər ticarət mərkəzlərində yerləşdiriləcəklər.
Prezidentin tapşırığına uyğun olaraq Nazirlər Kabineti Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə komissiya yaradıb. Komissiyanın tərkibinə fövqəladə hallar, maliyyə, iqtisadiyyat, vergilər, daxili işlər, energetika nazirləri, Baş prokuror, Dövlət Gömrük Komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin və Nizami Rayon İcra Hakimiyyətinin başçıları daxildir. Komissiya hadisənin başvermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim edəcək.
Qeyd edək ki, dünyanın heç bir ölkəsində dövlət zəlzələlər, daşqınlar, yanğınlar nəticəsində vətəndaşların mülkiyyətinə dəyən ziyanın ödənilməsini öz üzərinə götürmür. Bu baxımdan, Azərbaycanda dövlətin belə hadisələrdən ziyan çəkən insanlara verdiyi dəstəyin ardıcıl xarakter daşıması nadir sosial hadisədir. Prezident İlham Əliyev keçirdiyi müşavirədə yaranmış problemə münasibətdə yenə də konseptual yanaşma nümayiş etdirdi. Dövlətimizin başçısı vurğuladı ki, yanğından ziyan çəkən sahibkarlar öz iş yerlərini, əmlaklarını itiriblər, onlara maddi ziyan dəyib. Prezident tapşırıq verdi ki, ticarət mərkəzində çalışan sahibkarların hər biri ilə fərdi qaydada görüş keçirilsin, problemləri dinlənilsin və onlara lazımi dəstək göstərilsin. Bu fərdi yanaşma Azərbaycan Prezidentinin insan amilinə nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Bu yanaşma kütləvi deyil, konkret şəxslərə və onların hər birinin ayrı-ayrılıqda fərqli olan problemlərinin həllinə yönələn yanaşmadır.
Müşavirədəki çıxışında dövlətimizin başçısı Azərbaycanda sahibkarlar sinfinin yarandığını vurğulayaraq bildirdi ki, ölkənin uzunmüddətli, dayanıqlı inkişafı sahibkarların fəaliyyəti ilə böyük dərəcədə bağlıdır. Dövlətin ağır günlərdə, bədbəxt hadisə baş verdikdə hər zaman sahibkarların yanında olması iş adamları üçün böyük stimuldur. Bu, həm də Prezidentin ölkə iqtisadiyyatının şaxələndirilməsi və iqtisadi inkişafla bağlı strateji hədəflərini nümayiş etdirir. Eyni zamanda, Prezident İlham Əliyev bütün ticarət mərkəzlərində ciddi təftiş işlərinin aparılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə də tapşırıqlar verib. Artıq bu istiqamətdə də tədbirlərin görülməsinə başlanılıb.

Daxili siyasət 2019-03-30 18:32:00