×
A
A
A
Sazlamalar

Ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini planlı şəkildə həyata keçiriblər

Naxçıvan, 30 mart, AZƏRTAC

“Dənizdən-dənizə Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün böyük dövlətlərin dəstəyi ilə azərbaycanlılara qarşı tarixdə mərhələlərlə vəhşiliklər törədiblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusuna həsr olunmuş elmi konfransda danışılıb.
Əvvəlcə faciə qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən faciələrin mahiyyətindən, miqyasından, məqsəd və nəticələrindən danışıb. Bildirib ki, 1918-ci ilin martında ermənilər tərəfindən Bakı ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər bölgələrdə dinc əhaliyə qarşı tarixdə görünməmiş kütləvi qətl və qırğınlar törədilib, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış yerləri talan edilib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərman soyqırımı həqiqətlərinin bütün dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, Prezident İlham Əliyevin “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı yüz illərlə xalqımıza qarşı törədilən qəddar cinayətlərin öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əvəzsiz tarixi-siyasi əhəmiyyətə malikdir.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev “XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri və onların mahiyyəti”, həmin institutun aparıcı elmi işçisi Musa Quliyev “1918-1920-ci illərdə ermənilərin Naxçıvanda törətdiyi faciələr”, şöbə müdirləri İlhami Əliyev “Ümummilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsi”, Toğrul Xəlilov “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından deportasiyası və onun acı nəticələri” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov “Azərbaycanlıların soyqırımı: alın yazısından elin yazısına” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü və Xocalı soyqırımına aid real faktları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət videoçarx nümayiş etdirilib, kitab sərgisi təşkil olunub.

X X X

Naxçıvan Dövlət Universitetində keçirilən “31 Mart bəşəriyyətin ən böyük soyqırımıdır” adlı elmi-praktik konfransdan əvvəl universitetin İncəsənət fakültəsində Mart soyqırımına həsr olunmuş 20-dən çox sənət əsərindən ibarət sərgiyə baxış olub. Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransda çıxış edərək, erməni daşnaklarının xalqımızın başına gətirdiyi bəlalardan danışıb. Qeyd edib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olub.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov mart soyqırımının azərbaycanlıların milli müstəqillik mübarizəsinə qarşı bolşevik-erməni planı olduğunu vurğulayaraq, ermənilərin 1918-ci ilin martında Bakı, Quba, Şamaxı, Naxçıvan və digər bölgələrdə törətdikləri qətliamlardan danışıb. Bildirilib ki, yüz minlərlə yerli əhali erməni soyqırımına məruz qalaraq məhv edilib.
Sonda mövzu ilə bağlı videoçarx izlənilib.

X X X

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda elmi-praktik konfransda ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biridir. Təəssüf ki, uzun illər bu soyqırımı siyasi-hüquqi qiymətini almayıb. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ümummilli Liderimizin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il respublikamızda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam isə Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsinin növbəti ifadəsidir.
Konfransda institutun müəllimi Arzu Abdullayev “Soyqırımı hadisələri və Naxçıvan”, Pedaqoji fakültənin dekanı Arif Ağalarov “Tarixdə və günümüzdə erməni vəhşilikləri” mövzularında məruzələr ediblər.
Sonda müəllim və tələbələrin hazırladıqları təsviri və tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub.

X X X

“Naxçıvan” Universitetində keçirilən “Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarının səbəb, nəticə və ibrət dərsləri” mövzusunda elmi konfransda əvvəlcə soyqırımı faciəsi qurbanlarının, torpaqlarımızın azadlığı və dövlət müstəqilliyimizin qorunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Rektor, professor İsmayıl Əliyev çıxış edərək ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımının acı nəticələrindən və 70 illik sovet imperiyası rejiminin tarixi cinayətin ört-basdır edilməsi üçün həyata keçirdiyi məkrli siyasətdən danışıb.
Ümumi tarix kafedrasının dosenti Elçin Zamanovun “XX əsrin əvvəllərində Zaqafqaziyada yeni tarixi mərhələnin başlanğıcı: türk müsəlmanlara qarşı həyata keçirilən soyqırımlarının tarixi kontekstdə təhlili” mövzusunda çıxışı dinlənilib.
Konfrans 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videoçarxın nümayişi ilə başa çatıb.

X X X

Muxtar respublikanın 200-dən çox təhsil müəssisəsinin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan interaktiv dərs keçirilib.
İnteraktiv dərsdə AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov şagirdlərə məlumat verərək bildirib ki, ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin izləri Xatirə Muzeyindəki eksponatlarda da öz əksini tapıb. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhid olmuş qəhrəmanlarımızın fotoşəkilləri, şəxsi əşyaları və sənədləri, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.
1918-ci ilin martında törədilmiş bu soyqırımı paytaxt Bakı şəhəri də daxil olmaqla, ölkəmizin bir sıra regionlarını, o cümlədən muxtar respublikanı da əhatə edib. 1905-1907-ci, 1918-1920-ci, 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı törədilməsində əsas məqsəd torpaqlarımızın işğalı və “Böyük Ermənistan” dövlətinin yaradılması idi. Hazırda muzeydə bu faciəli hadisələri özündə əks etdirən müxtəlif fotoşəkillər, xəritələr və sənədlər nümayiş etdirilir.
Vurğulanıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan çox mühüm tarixi sənəddir. Dahi şəxsiyyətin bu sahədəki fəaliyyətini Prezident İlham Əliyev bu gün uğurla və qətiyyətlə davam etdirməkdədir.
İnteraktiv dərsdə azərbaycanlılara qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən soyqırımı və deportasiya siyasətinin acı nəticələrini özündə əks etdirən eksponatlar videobağlantı vasitəsilə şagirdlər tərəfindən izlənilib və müxtəlif bölmələrdə yerləşən eksponatlar haqqında geniş məlumat verilib.

 

Regionlar 2019-03-30 17:44:00