Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

BSU-nun tələbələri Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbirində iştirak ediblər

Bakı, 30 mart, AZƏRTAC 

Bakı Slavyan Universitetinin (BSU) tələbə gənclər təşkilatı Nəsimi Rayon Gənclər və İdman İdarəsi ilə birgə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları Respublika Hərbi Prokurorluğunda azərbaycanlıların soyqırımını əks etdirən şəkillərdən və tarixi sənədlərdən, cinayət aktlarında istifadə edilmiş silah və hərbi sursatdan, faciələrin baş verdiyi coğrafi məkanların xəritələrindən ibarət xüsusi bölmə ilə tanış olublar.
Tədbirdə çıxış edən BSU-nun tələbəsi Əsmər Bayramova Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin mahiyyəti və məqsədlərindən danışıb. O vurğulayıb ki, erməni işğalçılarının və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına düşmən münasibətlərinin tarixi 200 il əvvəlki dövrlərə gedib çıxır. Ə.Bayramova qeyd edib ki, bu cür qanlı hadisələrin təkrarlanmaması üçün gənclərin üzərinə mühüm vəzifələr düşür. Gənclər tariximizi dərindən öyrənməli və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal iştirak etməlidirlər.
BSU-nun digər tələbəsi Nərmin Adil çıxışında hələ Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı faktlarının tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradıldığını və Cümhuriyyətin Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurumun həmin cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük işlər gördüyünü bildirib. N.Adil 1919-cu və 1920-ci illərdə martın 31-nin “Matəm günü” kimi qeyd edilməsinin bu hadisələrin AXC hökumətinin diqqət mərkəzində olması faktı kimi qiymətləndirib. O, AXC-nin süqutunun bu prosesin başa çatmasına imkan vermədiyini, sovet dövründə isə Azərbaycan tarixinin saxtalaşdırıldığını və XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən soyqırımı faktlarının gizlədildiyini bildirib. Diqqətə çatdırılıb ki, yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla bu hadisəyə hüquqi-siyasi qiymət verilib.
Sənədlərlə tanış olan tələbələr hadisələr barədə öz fikirlərini bölüşüblər.

31 mart 2019-03-30 17:35:00