×
A
A
A
Sazlamalar

Pirallahı rayonunda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 30 mart, AZƏRTAC

YAP Pirallahı rayon təşkilatı “Neft Daşları” NQÇİ ərazi ilk partiya təşkilatında 31 mart soyqırımının ildönümünə həsr olunmuş “31 mart-azərbaycanlıların soyqırımı xalqımızın qan yaddaşıdır” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Pirallahı rayon təşkilatının sədr müavini, “Neft Daşları” NQÇİ-nin rəisi və ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov çıxış edərək bildirib ki, 1998-ci ildən bəri respublikada martın 31-i hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Q.Mahmudov deyib ki, XIX-XX əsrlərdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı və deportasiya siyasəti tariximizin qanlı səhifələrindəndir. Bu cinayətkar siyasət iqtisadi, siyasi, maddi və mənəvi baxımdan ağır nəticələrə səbəb olub. Əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb edilib, on minlərlə azərbaycanlı öldürülüb, yüz minlərlə insan doğma torpaqlarından didərgin salınıb, qiymətli maddi-mədəni abidələri məhv edilib. O, bəşəriyyətin ən böyük cinayətlərindən hesab olunan 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini xatırladıb.

31 mart 2019-03-30 12:24:00