×
A
A
A
Sazlamalar

Elm Tarixi İnstitutunda soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru Məryəm Seyidbəyli 1918-ci ilin mart və aprel aylarında Bakı quberniyasında, Şamaxı, Quba, İrəvan, Naxçıvan, Qarabağ və Zəngəzurda azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların təkcə bir millətə deyil, bütün insanlığa qarşı törədilmiş cinayət olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasının xalqımızın özünüdərki və vətənpərvərlik hisslərinin artırılması istiqamətində vacib addım olduğu vurğulanıb. O, sözügedən hadisələrlə bağlı arxiv materiallarının araşdırılması, həmçinin respublika və dünya alimlərinin azərbaycanlıların soyqırımı barədə ərsəyə gətirdiyi elmi işlərin öyrənilməsi istiqamətdə Elm Tarixi İnstitutunda aparılan tədqiqatlardan danışıb.
AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov bütün tarixi dövrlərdə azərbaycanlılara qarşı törədilən soyqırımlarının səbəblərindən söz açıb. Alim zəngin təbii ehtiyatlara, mühüm strateji və münasib coğrafi mövqeyə malik Azərbaycan ərazisinin daim işğalçı dövlətlərin diqqət mərkəzində olduğunu və bu ərazilərə sahib olmaq üçün erməni kartından mütəmadi istifadə edildiyini təsdiqləyən faktları diqqətə çatdırıb. O, Azərbaycanın yenidən müstəqillik əldə etməsindən sonra alimlərimizin apardığı araşdırmalar nəticəsində əsrlərboyu millətimizə qarşı törədilən cinayətlərin sistemli və məqsədyönlü şəkildə həyata keçirildiyini, Rusiya, İngiltərə kimi imperialist dövlətlərin, Nobel qardaşları, Rotşildlər kimi iqtisadi güc sahiblərinin bu cinayətlərdə birbaşa iştirakını sübuta yetirən arxiv sənədlərinin aşkarlandığını bildirib.
Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Ermənilər, onların Azərbaycana gəlişi və faciənin başlanması” mövzusunda məruzəsi dinlənilib. O, tədbir iştirakçılarına XVIII-XIX əsrlərdə ermənilərin kütləvi surətdə Cənubi Qafqaza köçürülməsinin və bu nankor zümrənin 200 ildən artıq davam edən əsassız ərazi iddialarının Azərbaycan xalqı üçün böyük faciələrə yol açması barədə ətraflı məlumat verib.

Elm və təhsil 2019-03-30 11:48:00