×
A
A
A
Sazlamalar

Ermənilər on minlərlə azərbaycanlını xüsusi amansızlıq və işgəncələrlə qətlə yetiriblər

Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən biri də Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Prorektor vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanda ilk dəfə olaraq bu hadisələrə siyasi-hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edilib.
İctimai fənlər kafedrasının dosenti Gülarə Abbasova soyqırımı haqqında qısa giriş verərək 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda dinc əhaliyə qarşı dəhşətli qırğınlar törətdiyi barədə tarixi faktları auditoriyaya çatdırıb. O, xüsusi qeyd edib ki, erməni daşnaklarının soyqırımı siyasəti nəticəsində erməni silahlı dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda, digər şəhər və kəndlərdə on minlərlə azərbaycanlını xüsusi amansızlıq və işgəncələrlə qətlə yetiriblər.
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Mənsur Zərbəliyev çıxışında soyqırımı ilə bağlı ötən illərdə çoxlu sayda yeni faktlar və sənədlərin toplandığını, Quba şəhərində kütləvi məzarlığın aşkar olunduğunu tələbələrin diqqətinə çatdırıb.
AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov gəncləri erməni millətçilərinin ötən əsrin əvvəllərində, eləcə də ondan sonrakı dönəmlərdə xalqımıza qarşı həyata keçirdiyi siyasəti, Azərbaycan tarixinin qanlı səhifələrini unutmamağa səsləyib.
Tədbirdə tələbələr hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

31 mart 2019-03-29 19:12:00