×
A
A
A
Sazlamalar

Astara Rayon Polis Şöbəsində soyqırımı qurbanlarının xatirəsi anılıb

Astara, 29 mart, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, ermənilərin öz mənfur niyyətlərini zaman-zaman ortaya qoyduqlarını, qırğınlar, vəhşiliklər törətdiklərini bildirib.
Qeyd olunub, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan, Qarabağ və digər bölgələrdə minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri yandırılıb.
Azər Cahangirov 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulayaraq, bunun xalqımızın milli şüurunda və özünüdərkində mühüm rol oynadığını diqqətə çatdırıb.
Anım tədbirində çıxış edən tarixçi-müəllim Mircəfər Babazadə və Astara Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev erməni millətçiləri tərəfindən xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin sonralar da davam etdiyini vurğulayıblar.
Çıxış edənlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə seçilən vəhşiliklərdən, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətindən, Xocalı faciəsindən, rayonlarımızın işğalından danışaraq, xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu söyləyiblər.

Regionlar 2019-03-29 18:27:00