×
A
A
A
Sazlamalar

Bəstəkarlar İttifaqında mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 29 mart, AZƏRTAC

Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki əsrdən çox tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından çıxarmaq və erməni ideoloqlarının, tarixçilərinin uydurduğu “böyük Ermənistan” dövləti qurmaqdır. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın həyatında ən unudulmaz, ağrılı günlərdən biridir. 1918-ci il martın 30-da və 31-də erməni şovinistlər Azərbaycanda qırğınlar, qətliamlar törətməklə tarixdə misli görülməmiş soyqırımına imza atmışlar. Azərbaycan əhalisi milli mənsubiyyətinə görə məhv edilmiş, insanlar diri-diri yandırılmış və tarixi abidələrimiz dağıdılmışdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 29-da Bəstəkarlar İttifaqında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən anım tədbirində nümayiş olunan videoçarxda səsləndirilib.
Tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov müxtəlif dövrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri barədə danışıb.
Sənətşünaslıq elmləri doktoru Cəmilə Həsənova bildirib ki, keçmiş sovet dövründə xalqımızın başına gələnlər barədə məlumatlar cəmiyyətdən gizli saxlanılıb, tariximiz saxtalaşdırılıb: “Ən ağrılısı da odur ki, biz bundan uzun müddət xəbərsiz yaşamışıq”.
Tədbirdə bəstəkar Azər Dadaşovun “Nalə” kompozisiyası təqdim olunub. Müəllifin söylədiyinə görə, bu musiqi onun keçirdiyi hissləri əks etdirir.
Qeyd edilib ki, mart soyqırımına bir çox musiqilər bəslənilib. Onlardan Vasif Adıgözəlovun “Natəvan” və Firəngiz Əlizadənin “İntizar” operaları, Oqtay Kazıminin “Şəhidlər” simfoniyası, R.Mustafayevin Nəbi Xəzrinin sözlərinə yazdığı “Salatın” oratoriyası, Azər Dadaşovun “Bu Vətən ölə bilməz” kantatası və digər nümunələri göstərmək olar.
Çıxış edənlər erməni millətçilərinin əsrlərboyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışıblar. Qeyd olunub ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülüb, xalqımızın qiymətli maddi-mədəni abidələri məhv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyasəti indi də məqsədyönlü şəkildə davam etdirilir. Xalqımız ötən əsrin sonlarında 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələrlə üzləşib, torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşüb.

Mədəniyyət 2019-03-29 16:45:00