×
A
A
A
Sazlamalar

Hər bir xalqın tarixi faciəsi onun siyasi, elmi və mədəni yaddaşında iz qoyur

Xırdalan, 29 mart, Ətrabə Rzayeva, AZƏRTAC

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Bakı Mühəndislik Universitetində (BMU) anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət himninin oxunması ilə başlanan tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 31 mart soyqırımı haqqında sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov 1918-ci il 31 mart soyqırımının erməni daşnaklarının xalqımıza qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi olduğunu deyib. Qeyd edib ki, ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Erməni silahlı dəstələri İrəvan–Naxçıvan–Zəngəzur–Qarabağ və Qazax–Gəncə istiqamətində yerləşən yaşayış məskənlərinin azərbaycanlı əhalisini qırmış və deportasiya etmişlər.
Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımına yalnız müstəqillik dövründə əsl hüquqi-siyasi qiymət verildiyini qeyd edən rektor 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olduğunu bildirib.
Rektor vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində ölkəmiz güclü iqtisadiyyata və qüdrətli orduya malikdir. Bu da bizə işğal altında olan torpaqlarımızın yaxın gələcəkdə azad ediləcəyinə inam yaradır.
Daha sonra BMU-nun pedaqoji fakültəsinin müəllimi Ülvi Babayev, iqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Ləman Şərifova çıxış ediblər.
Qeyd edilib ki, hər bir xalqın tarixi faciəsi onun siyasi, elmi və mədəni yaddaşında iz qoyur. Azərbaycan xalqı, xüsusilə gənclər qanlı tarixi unutmamalıdırlar. Gənclərdə möhkəm milli yaddaş formalaşmalı, onlar dəhşətləri törədənlərə qarşı mübariz ruhda böyüməlidirlər.
Çıxış edənlər erməni vəhşiliyini dünya miqyasında ifşa etmək üçün hələ görüləsi çox işin olduğunu vurğulayıblar.

31 mart 2019-03-29 16:25:00