×
A
A
A
Sazlamalar

Azərbaycan Universitetində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 29 mart, AZƏRTAC 

Azərbaycan Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə müxtəlif dövrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin mahiyyəti və məqsədləri, bu sahədə aparılmış yeni tədqiqatlar haqqında məlumat verilib, anım tədbirlərinin əhəmiyyəti vurğulanıb.
İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev qeyd edib ki, erməni işğalçılarının və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı apardığı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var. Bu məkrli siyasətin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin əhəmiyyətini vurğulayan Qabil Əliyev bildirib ki, qanlı hadisələrin təkrarlanmaması üçün gənclərimizin üzərinə mühüm vəzifələr düşür. Onlar tariximizi dərindən öyrənməli və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal olmalıdırlar.
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə 1918-ci ilin mart – aprel hadisələrinə xüsusi diqqət ayrılıb, faciənin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaradılıb, dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum fəaliyyət göstərib, 1919 və 1920-ci illərdə mart ayının 31-i “Matəm günü” kimi qeyd edilib. Lakin AXC-nin süqutu prosesin başa çatmasına imkan verməyib. Sovet dövründə Azərbaycan tarixi, o cümlədən XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən soyqırımları haqqında həqiqətlər saxtalaşdırılıb, tariximiz təhrif olunmuş formada, dostlarımız “düşmən”, düşmənlərimiz “dost” kimi təqdim olunub, saxta qəhrəmanlar yaradılıb. Müstəqilliyin bərpasından sonra 1918-ci ilin mart-aprel aylarında Bakı Kommunası və erməni daşnakları tərəfindən Azərbaycanın müxtəlif rayon və şəhərlərində törədilən kütləvi qırğın və qətliamlara ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla hüquqi-siyasi qiymət verilib və martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Çox mühüm sənəd olan Fərman bu sahədə aparılan tədqiqatların istiqamətini dəyişib.
Məhərrəm Zülfüqarlı çıxışında bu istiqamətdə apardığı və nəticələri “Şamaxı soyqırımı” (2011), “Göyçay döyüşləri” (2017), “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” (2018) kitablarında yer alan yeni tədqiqatları haqqında məlumat verib.
Universitetin magistrantları Roza Məmmədova “XX əsrin əvvəllərində ali müsəlman silkinin azərbaycanlı əhaliyə qarşı erməni qətl və qarətlərinin qarşısının alınmasında xidmətləri” və Növrəstə Quliyeva “XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı soyqırımları mətbuat səhifələrində” mövzularında məruzə ilə çıxış ediblər.
Sonda “XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı soyqırımları” mövzusunda slayd nümayiş olunub.

 

Elm və təhsil 2019-03-29 13:16:00