×
A
A
A
Sazlamalar

31 mart soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək

Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan Texniki Universitetində (AzTU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, 31 mart hadisələrini əks etdirən film nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov açaraq ermənilər tərəfindən son 200 ildə xalqımıza qarşı həyata keçirilən soyqırımı və təcavüzkar siyasətdən danışıb. Qeyd edib ki, mənfur qonşularımız zaman-zaman öz məkrli siyasətlərini həyata keçirərək Azərbaycanda faciələr, o cümlədən qanlı hadisələr, kütləvi qırğınlar törədiblər. 1918-ci ildə ermənilər Bakıda, Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də ölkənin şimal hissəsində soyqırımı həyata keçiriblər. Quba məzarlığı bu qanlı hadisələrin, qırğınların əyani sübutudur. Mart hadisələrində təkcə Bakıda qətlə yetirilənlərin sayı 12 mini keçib.
X.Yahudov bildirib ki, ötən iki əsrdə baş vermiş hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb. Ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə törətdikləri soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilib, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Qeyd edilib ki, xalqımıza qarşı həyata keçirilən soyqırımı və faciələrin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyev tərəfindən mühüm işlər həyata keçirilib. Son iki əsrdə xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr soydaşlarımızın xatirəsindən heç vaxt silinməyəcək.
Sonra universitetin tarix kafedrasının müdiri, professor Şikar Qasımov ermənilərin törətdikləri əməlləri, onların məkrli siyasətlərini tarixi faktlarla diqqətə çatdırıb. Bildirib ki, mənfur qonşularımız tərəfindən 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə törədilən kütləvi qırğınlar 1918-ci ilə qədər davam edib. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, itkin düşüb, şəhər və kəndlər yandırılıb, dağıdılıb.
AzTU-nun radiotexnika və rabitə fakültəsinin tələbəsi Narıngül Zeynalova bildirib ki, gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır.

31 mart 2019-03-29 13:12:00