×
A
A
A
Sazlamalar

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclasın gündəliyinə 25 məsələnin daxil olduğunu deyib.
Əvvəlcə Naqif Həmzəyevin parlamentin insan hüquqları komitəsinin üzvü seçilməsi məsələsinə baxılıb.
Sonra elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Ümumi təhsil haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirib ki, sənəd 5 fəsil, 33 maddədən ibarətdir. Bu sənəd Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda baxılıb.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təqdim edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanununun icrası ilə əlaqədar təklif edilir.
İclasda Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi də üçüncü oxunuşda nəzərdən keçirilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb. Bildirib ki, qanun layihəsi dəqiqləşdirmə xarakterli düzəlişləri nəzərdə tutur.
Həmçinin Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda müzakirə olunub.
Sonra “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təqdim edilib. Bu qanun layihəsi telekommunikasiya operatoru (mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi və fiziki şəxs) üçün yeni vəzifələrin müəyyən edilməsini nəzərdə tutur.
Plenar iclasda “Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihələrinə də baxılıb.
Komitə sədri Ziyad Səmədzadə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Bildirib ki, sənəddə buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunması məqsədilə kəpək istehsalı və satışının 2019-cu il martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi və hazırda buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışına tətbiq olunan güzəştin əlavə olaraq daha bir il uzadılması nəzərdə tutulur.
“Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi auditə dair hesabatla əlaqədar kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyinin bildirilməsinin 20 gündən 10 günədək müddətinə azaldılması, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda həyata keçirilən auditə dair məlumatların təqdim edilməsi qaydasının təkmilləşdirilməsi, habelə Hesablama Palatası üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanıb.
Komitə sədri Əli Hüseynli “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edib. Qeyd edilib ki, sənəd Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanıb.
Ziyad Səmədzadə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, qanun layihəsində daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınması prosesinin təkmilləşdirilməsi, çıxarışların kağız formada təqdim olunması prosedurunun tamamilə aradan qaldırılması, onların yalnız elektron üsulla təqdim edilməsi ilə bağlı müddəalar əks olunub. Layihəyə əsasən, dövlət reyestrindən çıxarışlar elektron imza ilə təsdiqlənməklə hüquq sahibinin istəyindən asılı olaraq “Elektron hökumət” portalında yerləşdiriləcək və ya digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə təqdim olunacaq.
Daha sonra "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun, "Azərbaycan Respublikasının Dövlət himni haqqında" 1992-ci il 27 may tarixli 142 nömrəli Qanunun ləğvi barədə Konstitusiya Qanununun layihələrinə baxılıb.
Əli Hüseynli “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edib. Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 30 oktyabr tarixli 1304-VQD nömrəli Qanuna əsasən şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilən məlumatlara əl-barmaq izləri də əlavə edilib. Layihə ilə təklif edilən dəyişiklik şəxsiyyət vəsiqəsi alan vətəndaşların məcburi daktiloskopik qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Eyni zamanda, 15 yaşı tamam olmamış vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi istisna edilir.
Deputatlar İnzibati Xətalar Məcəlləsində, Əmək, Vergi və Cəzaların İcrası məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrini də nəzərdən keçiriblər.
Ziyad Səmədzadə bildirib ki, “Dövlət rüsumu haqqında” Qanunda ediləcək dəyişikliyə əsasən sənədə yeni “Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri” məzmunlu 33-6-cı maddə əlavə edilir. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20 manat, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə 250 manat dövlət rüsumu müəyyən edilir.
Daha sonra “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında", “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.
Əli Hüseynli “Mediasiya haqqında” yeni qanun layihəsini təqdim edib. Bildirilib ki, qanun layihəsi 5 fəsil, 39 maddədən ibarətdir. Bu yeni qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.
Diqqətə çatdırılıb ki, mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Mediasiya könüllü xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar. Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir.
Qanun layihələri müzakirə olunaraq qəbul edilib.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Daxili siyasət 2019-03-29 14:00:00