×
A
A
A
Sazlamalar

31 mart qırğını ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir

Bakı, 29 mart, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı: keçmişdə və müasir dövrdə” mövzusunda dəyirmi masa təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan rektor Ceyhun Məmmədov ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə törətdikləri soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verildiyini, martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini deyib. Rektor bildirib ki, ali təhsil müəssisəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar təşkil edir.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İranın tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, professor Solmaz Rüstəmova Tohidi “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı” mövzusunda məruzə ilə çıxış edib.
S.Rüstəmova bildirib ki, xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etmək, əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. 31 mart qırğını isə xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir.
Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarix üzrə elmlər doktoru Telman Nüsrətoğlu “Qafqazda erməni dövlətinin yaradılması təşəbbüsü: terror və soyqırımı yolu ilə hədəflənən etnodemoqrafik dəyişikliklər” mövzusunda məruzəsində bildirib ki, XX əsrin əvvəllərində erməni millətçiləri fəaliyyətlərini genişləndirərək, öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından deportasiya etməklə etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlayıblar.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının şöbə müdiri Araz Aslanlı “Qarabağ probleminə 100 illik baxış” mövzusunda çıxışında Qarabağ münaqişəsinin tarixinə toxunub. O, Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan və ümumən beynəlxalq münasibətlər sistemi üçün yaratdığı ağır nəticələrdən bəhs edib.

31 mart 2019-03-29 10:30:00