Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ADU-da “31 mart - azərbaycanlıların soyqırımı” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 28 mart, AZƏRTAC 

Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “31 mart - azərbaycanlıların soyqırımı” mövzusunda dəyirmi masa keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin dekanı, dosent İbrahim Kazımbəyli mart hadisələrinin gedişi haqqında məlumat verib. Dekan 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının məqsəd və nəticələrindən söz açıb. İ.Kazımbəyli 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Sərəncamın erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu siyasi-hüquqi qiymətləndirmə xalqımızın başına gətirilən faciələrin dünyaya çatdırılmasında mühüm rol oynayır və artıq digər dövlətlər bu tarixi-siyasi olayları dərk edir.
Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva “31 mart soyqırımı hadisələrinin mətbuatda işıqlandırılması”, beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova “Azərbaycanlılara qarşı soyqırımı siyasətinin beynəlxalq aləmdə tanıdılması”, qafqazşünaslıq kafedrasının dosentləri Xatirə Hacıyeva “İrəvanda ermənilərin törətdiyi soyqırımı” və Şəlalə Bağırova “1918-ci il mart soyqırımının sosial nəticələri”, regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “31 mart hadisələrinin beynəlxalq arenada tanıdılması istiqamətində problemlər və perspektivlər” mövzularında məruzələrlə çıxış ediblər.
Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağıyeva mart hadisələri ilə bağlı videoçarx təqdim edib.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

31 mart 2019-03-28 18:24:00