×
A
A
A
Sazlamalar

Çin gömrüyü 30 min dünya xəritəsini məhv edib

Pekin, 27 mart, AZƏRTAC

Çin gömrük xidmətinin əməkdaşları Tayvanın ayrıca dövlət kimi göstərildiyi və rəsmi Pekinin mövqeyinə əsasən Çin-Hindistan sərhədi ilə bağlı yanlışlığa görə təxminən 30 min xəritəni məhv edib.
AZƏRTAC "Global Times" qəzetinə istinadla xəbər verir ki, yerli şirkətlərdən birinin istehsalı olan xəritələr Çindao şəhərindəki limandan xaricə göndərilməliymiş. Lakin gömrük xidmətinin əməkdaşları xəritələrə baxış keçirərkən qeyd olunan məqamları aşkarlayıblar. Müvafiq orqanların qərarı ilə xəritələr məhv edilib.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Cedonun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. "Vahid Çin" prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma "Çin Respublikası"nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.
Çin-Hindistan sərhədi ilə bağlı məsələyə gəlincə qeyd etmək lazımdır ki, rəsmi Pekin Hindistanın nəzarətində olan Arunaçal Pradeş ştatının böyük hissəsinin Cənubi Tibet olduğunu irəli sürərək oranı öz ərazisi hesab edir. Tərəflər arasında bununla bağlı 1962-ci ildə sərhəd müharibəsi də olub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-03-27 01:30:00